Cəbrayılın iki kəndində yeni sakinlərə evlərinin açarları verilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılın iki kəndində yeni sakinlərə evlərinin açarları verilib - YENİLƏNİB

First News Media12:38 - Bu gün
Cəbrayılın iki kəndində yeni sakinlərə evlərinin açarları verilib - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəyli və Horovluda yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə (86 nəfər), Horovlu kəndinə isə 3 ailə (12 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

 

11:50

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər