Azərbaycan təxminən bir milyard insanı əhatə edən rəqəmsal məkanın bir hissəsinə çevriləcək
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (Digital Cooperation Organization — DCO) üzvlüyə namizədliyi təsdiqlənən səkkiz ölkədən biri olub.
Təşkilatdan 1news.az-a verilən məlumata görə, DCO Şurası Azərbaycan, Albaniya, Qazaxıstan, Keniya, Livan, Fələstin, Suriya və Zambiyanın namizədliyini təsdiqləyib. Mümkün genişlənmə nəticəsində təşkilata üzv dövlətlərin sayı 16-dan 24-ə yüksələcək, DCO-da təmsil olunan ölkələrin ümumi əhalisi isə təxminən 980 milyon nəfərə çatacaq.
Azərbaycan üçün DCO-ya potensial üzvlük müasir rəqəmsal iqtisadiyyatın əsas məsələləri — süni intellektin tənzimlənməsi, transsərhəd məlumat axınları, rəqəmsal infrastrukturun və elektron ticarətin inkişafı üzrə yanaşmaların formalaşdırıldığı beynəlxalq platformaya qoşulmaq deməkdir.
DCO-nun genişlənməsi Azərbaycan üçün mühüm coğrafi əhəmiyyət də daşıyır. Təşkilat xüsusi olaraq qeyd edir ki, hazırkı genişlənmə mərhələsi ilk dəfə Qafqaz və Mərkəzi Asiyanı əhatə edir.
DCO bu regionları Avrasiyada rəqəmsal iqtisadiyyatın ən dinamik inkişaf etdiyi məkanlardan biri kimi qiymətləndirir.
DCO-nun Baş katibi Deemah AlYahya bildirib ki, dövlətlərin təşkilata qoşulmaq istəyi tamamilə praktik səbəblərlə bağlıdır: məlumatlar, süni intellekt və transsərhəd ticarət sahələrində rəqəmsal iqtisadiyyatın gələcək qaydaları məhz indi formalaşır.
Onun sözlərinə görə, bu cür beynəlxalq mexanizmlərdə iştirak ölkələrə yalnız artıq müəyyən edilmiş qaydalara əməl etmək deyil, həm də onların formalaşdırılmasında iştirak etmək və bununla öz rəqəmsal suverenliyini möhkəmləndirmək imkanı verir.
Bununla belə, Azərbaycanın namizədliyinin təsdiqlənməsi hələ ölkənin avtomatik olaraq DCO-nun tamhüquqlu üzvü olması demək deyil. Təşkilat Şurasının qərarı rəsmi qoşulma proseduruna start verir. Azərbaycanın üzvlüyü ölkə daxilində zəruri prosedurlar başa çatdıqdan və DCO-nun təsis sənədlərinə uyğun olaraq müvafiq qoşulma sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək.
Proses başa çatdığı təqdirdə, Azərbaycan rəqəmsal siyasətin hazırlanması, rəqəmsal ictimai infrastruktur, süni intellektin idarə olunması, rəqəmsal bacarıqların inkişafı, startap ekosistemləri, transsərhəd məlumat mübadiləsi və rəqəmsal iqtisadiyyatın qiymətləndirilməsi sahələrini əhatə edən DCO proqramlarında iştirak edə biləcək.
Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ildə yaradılıb. Hazırda təşkilat ümumi ÜDM-i təxminən 3,5 trilyon dollar olan və 800 milyondan çox insanı əhatə edən bazara malik 16 dövləti birləşdirir.












