Ombudsman 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb.
1news.az xəbər verir ki, bəyanatda deyilir:
"Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis etmişdir.
Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokolları və BMT-nin Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi üzrə Beynəlxalq Konvensiyası dövlətlərin itkin düşmüş şəxslərin taleyinin araşdırılması, ailələrin məlumat əldə etməsi və həqiqətin üzə çıxarılması istiqamətində səmərəli tədbirlər görmək öhdəliyini təsbit edir. Həlak olmuş şəxslərin qalıqlarının aşkar edilərək ləyaqətlə dəfn olunması, ailələrin həqiqəti öyrənmək hüququnun təmin edilməsi və cəmiyyətin baş vermiş hadisələr barədə məlumatlandırılması beynəlxalq humanitar hüququn ayrılmaz tərkib hissəsidir.
Uzun illər silahlı münaqişələrin ağır fəsadları ilə üzləşmiş Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi bu gün də öz aktuallığını qoruyur. Ölkəmizə qarşı 30 ildən çox davam edən təcavüz siyasəti, həmçinin Birinci və İkinci Qarabağ müharibələri nəticəsində minlərlə ailə itkin düşmüş əzizlərinin taleyi barədə məlumat almaq hüququndan məhrum qalmış, bu qeyri-müəyyənlik onların uzun illərdir davam edən mənəvi, psixoloji və sosial iztirablarına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad olunmuş ərazilərimizdə aşkar edilmiş 32 kütləvi məzarlıqda dövlətin tərəfindən həyata keçirilmiş sistemli axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində tapılan insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə tibbi ekspertizası vasitəsi ilə müəyyən edilmiş, 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunmuşdur və bu istiqamətdə işlər hazırda davam etdirilir.
Qeyd olunan silahlı münaqişələrin başa çatmasına və iki dövlət arasında sülhün bərqərar olması istiqamətində atılan tədbirlərə baxmayaraq, hələ də 3682 nəfərin (Azərbaycan vətəndaşının) taleyinin naməlum qalması faktı bir daha sübut edir ki, bu istiqamətdə beynəlxalq humanitar əməkdaşlıq daha praktik, operativ və nəticəyönümlü tədbirlərlə gücləndirilməlidir. Zaman keçdikcə maddi sübutların itməsi və yaxud yararsız hala düşməsi, şahidlərin sayının azalması və məlumatların məhdud sayda olması itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesini çətinləşdirir.
Regionda davam edən sülh gündəliyini nəzərə alaraq, bu humanitar problemin həlli üçün beynəlxalq humanitar təsisatlar öz mandatları, münaqişə tərəfi olmuş dövlətlər isə beynəlxalq hüquqla üzərilərinə götürdükləri öhdəliklər çərçivəsində kütləvi məzarlıqlar barədə məlumatların paylaşılması, DNT və məhkəmə-tibbi ekspertizası sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səylərini gücləndirməlidir.
İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını beynəlxalq humanitar hüquqa əsasən dövlətlərin humanitar öhdəliyi olan bu məsələyə xüsusi həssaslıqla yanaşmağa, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səyləri gücləndirməyə və praktik nəticələrin əldə olunmasına yönəlik birgə əməkdaşlığa dəvət edirəm".












