Çində restoran yanğınında 6 nəfər ölüb, 3 nəfər yaralanıb
Çinin cənubundakı Haynan əyalətinin mərkəzi Haykou şəhərində təmir işləri aparılan restoranda yanğın baş verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Haykou Yanğınsöndürmə və Xilasetmə Bürosunun yaydığı məlumata görə, yanğın Syuin küçəsində yerləşən və təmir mərhələsində olan restoranda yerli vaxtla saat 14:45 radələrində başlayıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub. Ekipajların müdaxiləsi nəticəsində yanğın saat 15:10-da tam söndürülüb.
Aparılan axtarış-xilasetmə işləri zamanı 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı müəyyən edilib. Yaralıların vəziyyətinin stabil olduğu bildirilib.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb.












