Yolunu qısaltmaq istədi, həyatından oldu - DYP-dən Şağandakı ağır qəzadan sonra ÇAĞIRIŞ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yolunu qısaltmaq istədi, həyatından oldu - DYP-dən Şağandakı ağır qəzadan sonra ÇAĞIRIŞ - VİDEO

First News Media12:03 - Bu gün
Yolunu qısaltmaq istədi, həyatından oldu - DYP-dən Şağandakı ağır qəzadan sonra ÇAĞIRIŞ - VİDEO

“Sentyabrın 3-ü Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.

1news.az xəbər verir ki, bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hərəkət iştirakçılarına müraciətində deyib.

O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş bir məsafə deyil. Onun hər zolağı ayrıca təhlükə mənbəyidir: “Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır.

İntensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcıdır. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyada isə hərəkət hissəsində olarkən bütün zolaqlardakı sürəti və məsafəni eyni anda düzgün qiymətləndirə bilməz.

Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır əksinə, vəziyyətə nəzarəti zəiflədir.  Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur.

Əziz piyadalar, bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər