Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək
Regionun texnologiya və innovasiya ekosisteminin maraqla gözlənilən tədbirlərindən biri olan “Baku ID” bu il yenidən investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirəcək.
SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçiriləcək “Baku ID 2026” innovasiya festivalı 17-18 sentyabr tarixlərində baş tutacaq.
Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçiriləcək. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İki günlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxil olacaq. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcək. Tədbirdə “MOST Ventures”, “White Hill Capital”, “Activat VC”, “IT Park Ventures”, “APY Ventures”, “Plus VC”, “MEVP”, “Startup Wise Guys” və digər aparıcı vençur kapital fondlarının nümayəndələri iştirak edəcək. Bu təqdimatlar startaplara potensial investor və tərəfdaşlarla birbaşa əlaqə qurmaq, investisiya imkanlarını müzakirə etmək və yeni bazarlara çıxış perspektivlərini dəyərləndirmək imkanı yaradacaq.
Beşinci dəfə keçiriləcək “Baku ID” indiyədək 13 500-dən çox iştirakçını, 375 startapı və 140 tərəfdaşı bir araya gətirib. Festival çərçivəsində startaplara 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiyanın cəlb olunmasına töhfə verilib.
“Baku ID 2026”nın strateji tərəfdaşları sırasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “PAŞA Holding”, SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yer alır. Festivalın əsas tərəfdaşları sırasına isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və açıq hava reklamı sahəsində fəaliyyət göstərən “TIMES” şirkəti daxildir.
Festival günlərində “SABAH.city”ə gediş-gəlişi asanlaşdırmaq üçün ödənişsiz servis avtobusları təşkil olunacaq. Həmçinin, “Bolt for Business” ilə dəstəkləyici tərəfdaşlıq çərçivəsində festival məkanına gediş və geri dönüş səfərlərinə 30 faiz endirim tətbiq ediləcək.
Biletlər və festival haqqında ətraflı məlumat bakuid.com saytında təqdim olunur.












