Nazir: “Oxuyub-anlamaqla bağlı ciddi problemimiz var”
“Oxu savadlılığı üzrə ciddi problemimiz var və bu, digər fənlərə də mane olur”.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, oxu savadlılığı üzrə yüksək nəticə göstərən şagirdlərin payı ölkə üzrə 0,2 faizdən, Bakı üzrə isə 1,2 faizə yüksəlib. O, bunu əhəmiyyətli dinamika kimi qiymətləndirib. Bununla yanaşı, aşağı nəticə göstərən şagirdlərin payının hələ də yüksək olduğunu vurğulayıb.
E.Əmrullayev qeyd edib ki, əsas məqsədlərdən biri aşağı nəticə göstərən şagirdlərin sayını azaltmaqdır. Onun sözlərinə görə, bu istiqamətdə irəliləyiş ümumi təhsil nəticələrinə də müsbət təsir göstərəcək.
Nazir təhsil nəticələrinin yaxşılaşmasının uzunmüddətli proses olduğunu və islahatların tam nəticələrinin görünməsi üçün vaxt tələb edildiyini bildirib.
E.Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasının gələcək nəticələrə təsirindən də danışıb.
“Biz sertifikasiyanın gücünə inanırıq və bu günlər üçün çox inamlıyıq. Çünki sertifikasiya ilk dəfə olaraq təhsildə bütün müəllim heyətimizi əhatə edən prosesdir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın PISA nəticələrində tam şəkildə özünü göstərməsi üçün 2030-2035-ci illərə qədər gözləmək lazım gələ bilər.
“2024-cü ildən 2030-2035-ci ilə qədər işlərimizi davam etdirsək, həmin dövrdəki nəticələr sertifikasiyanın nəticəsi olacaq.
Oxu və oxuduğunu anlama bacarığının zəif olması digər fənlər üzrə nəticələrə də birbaşa təsir göstərir. Oxuyub-anlamaq barədə bizim hələ ki, ciddi problemimiz var və bu, birbaşa bizə digər fənlərdə mane olur”, - deyə E.Əmrullayev əlavə edib.
Qafar Ağayev












