Husilər Səudiyyə Ərəbistanında 4 şəhərə zərbələr endirib: 73 yaralı
Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubundakı enerji obyektlərini və infrastrukturu hədəfə alıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib, 73 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin məlumatına görə, hücumlar bir sıra enerji obyektlərində əməliyyatların müvəqqəti dayandırılmasına səbəb olub. Yanğınların söndürülməsi, ərazinin təhlükəsizliyinin təmin edilməsi və dəymiş ziyanın qiymətləndirilməsi üçün mütəxəssis qrupları fəaliyyətə başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü Türki əl-Maliki bildirib ki, İranın dəstəklədiyi husilərin Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və kommersiya obyektlərinə hücumları nəticəsində 73 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanı hakimiyyətinin obyektlərin, əməkdaşların təhlükəsizliyini və fəaliyyətin davamlılığını təmin etmək üçün müvafiq tədbirlər gördüyü bildirilib.












