5 nəfərin həyatını itirdiyi qəza: BDYPİ təhlükəsizlik qaydalarına çağırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

5 nəfərin həyatını itirdiyi qəza: BDYPİ təhlükəsizlik qaydalarına çağırdı

Qafar Ağayev09:43 - Bu gün
5 nəfərin həyatını itirdiyi qəza: BDYPİ təhlükəsizlik qaydalarına çağırdı

Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha gündəmə gətirib.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində bildirilib.

BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərə yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Qeyd olunub ki, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə edilməli, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin olunmalıdır.

Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücülərinə sürəti yol və hərəkət şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsi saxlamaq, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamaq və riskli manevrlərdən çəkinmək tövsiyə olunub.

“Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, - deyə müraciətdə vurğulanıb.

BDYPİ bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırıb.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər