Tokioda 34 gün ardıcıl yağış yağıb - 138 illik rekord yenilənib | 1news.az | Xəbərlər
Dünya

Tokioda 34 gün ardıcıl yağış yağıb - 138 illik rekord yenilənib

Qafar Ağayev12:59 - Bu gün
Tokioda 34 gün ardıcıl yağış yağıb - 138 illik rekord yenilənib

Yaponiyanın paytaxtı Tokioda 34 gün ərzində hər gün yağıntı qeydə alınıb və bu, şəhərdə 1886-cı ildən başlayan müşahidələr tarixində ən uzun fasiləsiz yağış dövrü olub.

1news.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokioda qeydə alınan 34 günlük yağıntı dövrü meteoroloji müşahidələrin başladığı vaxtdan bəri rekord göstəricidir.

Bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. Həmin il iyunun 27-dən sentyabrın 29-dək Tokioda 33 gün ərzində fasiləsiz yağıntılı günlər müşahidə edilib.

Tokioda yağış mövsümü adətən iyun ayında başlayır. Lakin bu il yay aylarında paytaxt və ətraf ərazilərdə mütəmadi olaraq güclü leysanlar yağıb və nəticədə bir sıra ərazilərdə ciddi su basqınları baş verib.

Yaponiya Meteorologiya Agentliyinin əməkdaşı Masayuki Kyoda AFP-yə açıqlamasında bildirib ki, bu ay müşahidə olunan qeyri-adi hava şəraiti qismən El-Ninyo fenomeni ilə əlaqəlidir.

Onun sözlərinə görə, El-Ninyo Sakit okeanda suyun temperaturunun yüksəlməsinə səbəb olur. Kyoda Tokioda uzunmüddətli yağıntıların əsas səbəblərindən biri kimi payız yağış cəbhələrinin əvvəlkindən daha uzun müddət bölgədə qalmasını göstərib.

O qeyd edib ki, Sakit okeanda yüksək təzyiq sisteminin təsiri də normadan daha uzun müddət davam edib.

“Mainichi Shimbun” qəzetinin məlumatına görə, sentyabr ayında Tokionun mərkəzində bazar ertəsinədək 629 millimetr yağıntı qeydə alınıb. Bu göstərici normadan təxminən üç dəfə çoxdur.

Qeyd olunur ki, sentyabr ayı üzrə rekord göstərici 1958-ci ildə qeydə alınıb və həmin il Tokionun mərkəzinə 670,9 millimetr yağıntı düşüb. Hazırkı göstərici bu rekorda yaxınlaşıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər