“İçərişəhər”in idarəetmə strukturunda yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər”in idarəetmə strukturunda yenilik

Qafar Ağayev10:14 - Bu gün
“İçərişəhər”in idarəetmə strukturunda yenilik

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.

1news.az xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQİ-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə İdarənin strukturu yenilənib.

Dəyişikliyin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.

Qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərib. Yeni strukturda isə iki tabeli qurumun – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzinin yaradılması nəzərdə tutulub.

Muzey və Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi məqsədi daşıyır. Bu çərçivədə muzeylərin, mədəni məkanların və ziyarətçi xidmətlərinin vahid yanaşma əsasında əlaqələndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, yeni turizm marşrutlarının və ziyarət proqramlarının hazırlanması nəzərdə tutulur.

Yeni struktur çərçivəsində İdarənin Aparatında “şöbə və sektor” modelindən “departament və şöbə” modelinə keçid də nəzərdə tutulur. Əlaqəli fəaliyyət istiqamətlərinin vahid rəhbərlik altında birləşdirilməsinin koordinasiyanın gücləndirilməsinə və qərarların daha operativ qəbuluna xidmət edəcəyi bildirilib.

Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib.

Məlumata görə, bu dəyişiklik təkrarlanan və paralel funksiyaların aradan qaldırılması, dəstək funksiyalarının mərkəzləşdirilməsi və insan resurslarının prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsi ilə bağlıdır.

Bildirilib ki, struktur dəyişikliyinin əsas hədəfi idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsidir.

Dəyişikliklər həyata keçirilərkən əmək qanunvericiliyinin tələblərinin və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatlarının qorunacağı qeyd olunub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər