Tramp AfD-nin seçki qələbəsini “çox böyük uğur” adlandırdı
ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdə Almaniya üçün Alternativ (AfD) partiyasının qələbəsini “çox böyük uğur” adlandırıb.
1news.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ Prezidenti sentyabrın 6-da Saksoniya-Anhaltda keçirilən seçkilərdə AfD-nin əldə etdiyi nəticəni yüksək qiymətləndirib.
Tramp Saksoniya-Anhaltda “Almaniyanın populist partiyası” kimi xarakterizə etdiyi AfD-nin “çox böyük uğur qazandığını” bildirib.
“Nəhayət, Almaniyada ölkəyə böyük zərər vuran son dərəcə pis miqrasiya qaydalarından və qanunlarından beziblər”, - deyə Tramp qeyd edib.
O, AfD-nin yüksəlişdə olduğunu və Almaniyanın sözügedən miqrasiya siyasətinə “daha çox dözməyəcəyini” vurğulayıb.
AfD Saksoniya-Anhalt seçkilərində qalib gəlib
İfrat sağçı AfD sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında keçirilən parlament seçkilərində 43,8 faiz səs toplayaraq qalib gəlib. Bununla belə, partiya təkbaşına hökumət qurmaq üçün tələb olunan çoxluğu əldə edə bilməyib.
Xristian Demokrat İttifaqı (CDU) 17,2 faiz səslə ikinci olub. Partiyanın nəticəsi 2021-ci il seçkiləri ilə müqayisədə 19,9 faiz bəndi azalıb.
Sosial Demokrat Partiyası (SPD) isə əvvəlki seçki ilə müqayisədə səsini 0,9 faiz bəndi artıraraq 9,3 faiz nəticə ilə üçüncü yeri tutub.
Sosial Ədalət və İqtisadi Anlayış Partiyası (BSW) 5,3 faiz səs toplayaraq parlamentə daxil olub.
Almaniya mediasının məlumatına görə, BSW istisna olmaqla, digər bütün partiyalar AfD ilə hökumət qurmaqdan imtina edir. Bu səbəbdən federal torpaqda BSW-nin AfD hökumətini parlamentdən kənardan dəstəkləyə biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.











