Rusiyanın xarici işlər naziri ABŞ-ı müharibənin uzanmasında ittiham edib
“Ankoric razılaşmalarından imtina edilməsəydi, artıq bir ildir müharibəsiz yaşayardıq”
1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib.
Lavrov Vaşinqtonun müharibənin başa çatdırılması ilə bağlı mövqeyini tənqid edib. O, ABŞ-ın “Ankoric razılaşmalarından geri çəkilməsini” müharibənin davam etməsinin səbəblərindən biri kimi göstərib.
“Əgər amerikalılar Ankoricdə əldə olunmuş razılaşmalardan geri çəkilməsəydilər, Avropa da onları bu razılaşmalardan uzaqlaşdırmasaydı, artıq bir ildir müharibəsiz yaşayardıq. Bu, açıq-aşkar faktdır”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində baş tutub. Görüşün nəticələri ictimaiyyətə tam açıqlanmasa da, sonradan Rusiya rəsmiləri “Ankoric razılaşmaları” və “Ankoric ruhu” ifadələrindən istifadə etməyə başlayıblar.
BBC-nin yazdığına görə, Rusiya rəsmiləri həmin görüşdə tərəflərin Donbas ərazisinin, o cümlədən Rusiyanın nəzarətində olmayan hissələrinin Moskvaya verilməsini müharibənin başa çatdırılması şərti kimi nəzərdən keçirdiklərinə işarə ediblər.
Lakin sonradan ABŞ dövlət katibi Marko Rubio Putin və Tramp arasında həmin görüşdə konkret razılaşmalar əldə olunmadığını bildirib.
Lavrov daha əvvəl də Avropa siyasətçilərini ABŞ-ı bu istiqamətdə danışıqları davam etdirməkdən çəkindirməkdə ittiham etmişdi. ABŞ mediası isə Vaşinqtonun Ukraynanın cəbhədəki uğurlarını və Rusiyanın ərazi məsələsində sərt mövqeyini nəzərə alaraq danışıqların nəticəsiz qaldığını düşündüyünü yazıb.
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların yenidən bərpa olunması ehtimalı Donald Trampın nümayəndələrinin sentyabrın əvvəlində Moskva və Kiyevə səfərindən sonra gündəmə gəlib.












