Azərbaycanın yaratdığı yeni reallıq: Diplomatların səfəri niyə Ermənistanda əks-sədaya səbəb oldu? - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycanın yaratdığı yeni reallıq: Diplomatların səfəri niyə Ermənistanda əks-sədaya səbəb oldu? - ŞƏRH

Qafar Ağayev16:16 - Bu gün
Azərbaycanın yaratdığı yeni reallıq: Diplomatların səfəri niyə Ermənistanda əks-sədaya səbəb oldu? - ŞƏRH

Qarabağ və işğaldan azad edilmiş digər ərazilər tarixən Azərbaycan torpaqlarıdır.

Həmin ərazilərdə hər hansı tədbirin keçirilməsi, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfərlərinin təşkili Azərbaycanın suveren hüququdur. Bu məsələ nə müzakirə predmetidir, nə də hər hansı xarici tərəfin, o cümlədən Ermənistanın rəyinə və ya razılığına ehtiyac duyur. Belə səfərlərin bundan sonra da davam etdirilməsi və onların miqyasının genişləndirilməsi Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

11-12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistanda kəskin reaksiyalara səbəb olub. Ermənistanın siyasi və dini dairələrinin, ictimai fəallarının və diaspor nümayəndələrinin səfərdə iştirak edən diplomatlara və onların təmsil etdiyi ölkələrə qarşı təhqir və hədə-qorxu xarakterli açıqlamalar verməsi diqqət çəkib. Reaksiyaların miqyası və müxtəlif dairələr tərəfindən eyni ritorikanın səsləndirilməsi isə bunun yalnız ayrı-ayrı şəxslərin mövqeyi olmadığını göstərir.

Xüsusilə diqqətçəkən məqam odur ki, bütün bunlar Azərbaycan və Ermənistan arasında sülh və normallaşma ilə bağlı danışıqların davam etdiyi bir vaxtda baş verir. Azərbaycanın suveren ərazisinə diplomatların qanuni səfərinin belə etiraz və təhqirlərlə qarşılanması Ermənistanın sülhə dair bəyanatları ilə real davranışı arasında ziddiyyət olduğu barədə suallar yaradır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, bu mövqe Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə münasibətdə də əksini tapmalıdır.

Məsələ ilə bağlı 1news.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, xarici dövlətlərin diplomatik nümayəndələrinin Qarabağa səfərinin əsas mesajlarından biri Azərbaycanın bayrağı altında aparılan bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

“Digər mühüm məqam Azərbaycanın qələbəsinin beynəlxalq səviyyədə qəbul edilməsinin və yeni reallıq kimi təsdiqlənməsinin nümayişidir. Bu, erməni tərəfinin qəbul etmək istəmədiyi bir həqiqətdir. Sözlə qəbul etsələr də, artıq dünyanın aparıcı ölkələrinin nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı reallığı yerində görməsi ciddi nüansdır. Bu səfərlər Ermənistan cəmiyyətində Qarabağ məsələsinin hələ də beynəlxalq müstəvidə açıq olduğu barədə səsləndirilən fikirlərə də son qoyur. Artıq ortada yeni reallıq var və bu reallıq getdikcə daha geniş şəkildə qəbul olunur. Əslində, bu səfərlər Ermənistan cəmiyyətində mövcud olan bir sıra illüziyalara da nöqtə qoyur. Çünki artıq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı reallıq beynəlxalq ictimaiyyət tərəfindən yalnız bəyanatlarla deyil, yerində müşahidələrlə də təsdiqlənir. Bu isə Ermənistan tərəfinin illər ərzində apardığı informasiya və diplomatik manevrlərin imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Əziz Əlibəyli

Ə.Əlibəyli bildirib ki, Ermənistanın əlindən Qarabağ məsələsi ilə bağlı bir sıra diplomatik manevr imkanları da artıq çıxır.

“Onlar uzun müddət müxtəlif tezislər irəli sürməklə Qarabağ məsələsinin hələ də beynəlxalq gündəmdə olduğunu göstərməyə çalışırdılar. Lakin diplomatik nümayəndələrin işğaldan azad edilmiş ərazilərə səfəri bu yanaşmaların qarşısına real mənzərə qoyur. Digər tərəfdən, Ermənistan cəmiyyətində Qarabağla bağlı mövqenin hələ də tam dəyişmədiyini göstərən reaksiyalar var. Son günlər bunu xüsusilə bloqerlərin, sosial şəbəkə fəallarının və müxtəlif ictimai şəxslərin paylaşımlarında müşahidə etmək mümkündür. Onların bir qismi keçmişdən qalan revanşist və qisasçılıq ruhunda fikirləri davam etdirir. Ermənistan cəmiyyətində Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünün tanınması ilə bağlı da ziddiyyətli yanaşmalar qalmaqdadır. Bu baxımdan Ermənistan hakimiyyətinin həmin revanşist qüvvələrdən müəyyən siyasi alət kimi istifadə etdiyi görünür. Bir tərəfdən beynəlxalq ictimaiyyətə başqa mesaj verilir, digər tərəfdən isə daxildə bu qüvvələrin mövcudluğuna imkan yaradılır”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyalara mane olmamasının həm daxili, həm də xarici siyasətlə bağlı səbəbləri var.

“Burada məqsəd həm Azərbaycana, həm də beynəlxalq aktorlara müəyyən mesaj verməkdir. Ermənistan özünün region üçün nə qədər vacib olduğunu və müəyyən təhlükəsizlik məsələlərində rolunu önə çıxarmağa çalışır. Eyni zamanda sülh müqaviləsi və Zəngəzur dəhlizi kimi strateji məsələlərdə əlavə manevr imkanları əldə etmək istəyirlər. Yəni bir tərəfdən Ermənistanın imkanlarının məhdud olduğu görüntüsü yaradılır, digər tərəfdən isə müxtəlif vasitələrlə danışıqlarda əlavə rıçaqlar əldə etməyə cəhd göstərilir. Mədəni irs və etnik məsələlər üzərindən Azərbaycan əleyhinə müxtəlif iddiaların gündəmə gətirilməsi də bu siyasətin tərkib hissəsidir. Burada özünü “yaxşı polis”, qarşı tərəfi isə “pis polis” kimi təqdim etmək yanaşması da müşahidə olunur. Halbuki Azərbaycan bu yanaşmaların mahiyyətini kifayət qədər yaxşı anlayır. Ona görə də Ermənistanın bu cür manevrləri artıq əvvəlki təsir imkanlarına malik deyil”.

Ə.Əlibəyli vurğulayıb ki, diplomatik nümayəndələrin Qarabağa səfərləri Azərbaycan mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Çünki işğaldan azad edilmiş ərazilərin hansı vəziyyətdə olduğunu, həmin coğrafiyada nələrin baş verdiyini və hazırda hansı proseslərin həyata keçirildiyini yerində görmək tamam başqa təsir yaradır. Diplomatlar gedib mədəni irsi, dağıntıları, ekoloji vəziyyəti və mina probleminin miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olurlar. Bu, uzun müddət Ermənistan tərəfi və onun müxtəlif dairələri tərəfindən səsləndirilən bir sıra iddiaların real mənzərə ilə müqayisə edilməsinə imkan verir. Azərbaycanın mədəni irsi məhv etdiyi və ya ərazilərdə başqa proseslərin getdiyi barədə səsləndirilən tezislər də yerində müşahidələr fonunda qiymətləndirilir. Burada söhbət yalnız dağıntılardan deyil, həm də Azərbaycanın həmin ərazilərdə apardığı quruculuqdan gedir. Bu baxımdan belə səfərlər işğalın izlərinin və Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir. Mən hesab edirəm ki, bu, Azərbaycan mövqeyinin çatdırılması baxımından olduqca vacib nümunədir”.

Siyasi şərhçi əlavə edib ki, 50-dən çox ölkənin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərdə iştirakı yeni reallığın beynəlxalq səviyyədə müşahidə olunması baxımından əhəmiyyətlidir.

“Burada söhbət təkcə diplomatik səfərdən getmir, konkret coğrafiyanın, konkret tarixin və konkret nəticələrin nümayişindən gedir. Xarici nümayəndələr ərazilərdəki dağıntıları, mədəni irsi, mina problemini, ekoloji vəziyyəti və bərpa prosesini yerində görürlər. Bu mənzərə Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda hansı proseslərin getdiyini daha aydın göstərir. Ermənistan tərəfinin uzun müddət formalaşdırmağa çalışdığı müxtəlif tezislərin real vəziyyətlə müqayisə olunması baxımından da bu səfərlər mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərin yerində müşahidə edilməsi ciddi faktordur. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işləri də nümayəndələrə təqdim olunur. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ən real və təsirli vasitələrdən biridir. Hesab edirəm ki, bu proses davam etdikcə bölgədə formalaşmış yeni reallığın beynəlxalq səviyyədə daha geniş şəkildə qəbul edilməsinin şahidi olacağıq”.

Müəllifin yekun sözləri:

Azərbaycan və Ermənistan arasında sülh və normallaşma ilə bağlı proseslərin davam etdiyi bir vaxtda Ermənistan tərəfinin bu addımları ciddi suallar doğurur. Sülh danışıqlarının getdiyi şəraitdə diplomatların qanuni səfərinə qarşı təhqir və hədə-qorxu ritorikasının səsləndirilməsi yolverilməzdir. Əgər tərəflər arasında davamlı sülhün qurulmasından söhbət gedirsə, bu proses yalnız bəyanatlarla deyil, qarşılıqlı hörmət və real siyasi davranışla da müşayiət olunmalıdır. Bu baxımdan Ermənistan cəmiyyəti və hakimiyyəti başa düşməlidir ki, bu səfərlərlə Azərbaycanın torpaqlarının işğal altında qaldığı vaxt Ermənistan tərəfinin təşkil etdiyi qanunsuz səfərlər bir-birindən tamamilə fərqlənir. O zaman təşkil olunan səfərlərdə iştirak edən diplomatlar başqa ölkənin – yəni Azərbaycanın ərazisinə daxil olurdular. İndi isə bu səfərləri təşkil edən elə bu torpaqların sahibidir. Bu gün məhz Azərbaycanın öz gücü ilə azad etdiyi ərazilərdə sürətli yenidənqurma işləri aparılır, işğal altında qaldığı vaxtdan fərqli olaraq burada bütün tarixi, dini abidələrə xüsusi diqqətlə yanaşılır, qorunur. Ermənistan cəmiyyəti başa düşməlidir ki, hansısa təxribat xarakterli açıqlamalar, addımlar sülh prosesinə zərər verə bilər.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər