Enerji Dialoqu Platforması çərçivəsində “Etelen-Polietilen” zavoduna media turu təşkil olunub
20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində “Etelen-Polietilen” zavoduna media turu təşkil olunub.
1news.az xəbər verir ki, media turda 30-dan çox media qurumunun nümayəndəsi iştirak edib. Tədbirin əvvəlində iştirakçılara zavodun fəaliyyəti, istehsal gücü və son illər burada həyata keçirilən modernləşdirmə layihələri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, zavodda etilen, polietilen, həmçinin buxar və elektrik enerjisi istehsalı (BEEİ) sahələri fəaliyyət göstərir. Aparılan yenidənqurma və modernləşdirmə işlərindən sonra etilen istehsalının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş buxar və elektrik enerjisi istehsalı sahəsi zavodun istehsal sahələrini buxar və elektrik enerjisi ilə təmin edir.
Daha sonra media nümayəndələri zavodun istehsal sahələri ilə tanış olublar.













