Virus təhlükəsi yenidən gündəmdə: “Qərbi Nil” və “Ebola” virusları ilə bağlı infeksionistdən XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Mövqe

Virus təhlükəsi yenidən gündəmdə: “Qərbi Nil” və “Ebola” virusları ilə bağlı infeksionistdən XƏBƏRDARLIQ

Oksana Orucova11:44 - Bu gün
Virus təhlükəsi yenidən gündəmdə: “Qərbi Nil” və “Ebola” virusları ilə bağlı infeksionistdən XƏBƏRDARLIQ

2019-cu ildə başlayan koronavirus pandemiyasından sonra “virus” sözünün özü belə insanda narahatlıq və təşviş hissi yaradır.

Karantin rejimi, saatla məhdudlaşdırılan küçəyə çıxışlar, yaxınlarımızın sağlamlığı ilə bağlı davamlı narahatlıq, gün ərzində minlərlə insanın həyatını itirməsi, xəstəxanalarda yaranan sıxlıq... Həmin günlər artıq bizə uzaq və sanki yuxu kimi görünür.

Lakin dünya mediasında yayılan xəbərlərə nəzər saldıqda, o ağır günləri yenidən xatırlamalı oluruq. Yunanıstanda Qərbi Nil virusunun yayılması, Konqo Demokratik Respublikasında Ebola virusu ilə bağlı qeydə alınan ölüm halları virus təhlükəsinin hələ də gündəmdə olduğunu göstərir.

Pandemiyanın ilk günlərini xatırlayaq. Koronavirus Çində yayılmağa başlayanda çoxları xəstəliyin ölkəmizə qədər gəlib çatmasının çətin olacağını düşünürdü. Lakin virusun sərhədləri nə qədər sürətlə keçdiyinin şahidi olduq. Qısa müddət ərzində dünyanın müxtəlif ölkələrinə yayılan COVID-19 milyonlarla insanın həyatına təsir etdi.

Bu təcrübə bir daha göstərdi ki, müasir dünyada yoluxucu xəstəliklərin coğrafi sərhədləri demək olar ki, yoxdur. Bir ölkədə başlayan epidemiya qısa müddət ərzində minlərlə kilometr uzaqlıqdakı digər ölkələr üçün də real təhlükəyə çevrilə bilər.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor, infeksionist Adil Qeybulla 1news.az-a açıqlama verib.

Tanınmış infeksionist bildirib ki, Qərbi Nil virusunun  geniş epidemiya və ya pandemiya yaratmaq potensialı yoxdur:

"Ümumiyyətlə, virusların yayılması artıq dünyada təəccüb doğuran hal deyil. Qərbi Nil virusu, əsasən, ağcaqanadlar vasitəsilə yayılır. Ağcaqanadlar yoluxmuş quşlardan virusu götürərək insanlara ötürə bilirlər. Lakin bu virus insandan insana keçmir. Buna görə də onun geniş pandemiya və ya böyük epidemiya yaratmaq potensialı yoxdur.

Qərbi Nil virusu adətən qripə bənzər simptomlarla müşayiət olunur. Bəzi hallarda ensefalit, daha ağır vəziyyətlərdə isə iflic yarada bilər. Xüsusilə yaşlı insanlar üçün daha təhlükəli ola bilər. Bununla belə, Qərbi Nil virusu Ebola virusu ilə müqayisədə o qədər də təhlükəli hesab edilmir".

Adil Qeybulla Ebola virusu haqqında bildirib ki, bu virusun yayılması müəyyən qədər ciddi təhlükə yaradır:

"Ebola virusu isə hemorragik qızdırmaların ən təhlükəlilərindən biridir. Bu virus, əsasən, Konqo və Uqanda ərazilərində, xüsusilə də bu gün Konqo Demokratik Respublikası adlanan bölgədə daha geniş yayılıb.

Ebola virusunun yayılması, əlbəttə ki, ciddi təhlükə yaradır. Lakin burada da qlobal pandemiya riski yüksək deyil. Ebola, əsasən, yoluxmuş heyvanlarla təmas nəticəsində insanlara keçir. Virusun əsas daşıyıcıları arasında primatlar və yarasalar var. İnsanlar bu heyvanların ifrazatları, ağız suyu və digər bioloji mayeləri ilə təmas nəticəsində yoluxa bilərlər.

Ebola virusu çox ağır gedişə malikdir və həyat üçün ciddi təhlükə yaradır. Xəstəlik sonrakı mərhələlərdə qanaxmalara, ürək-damar çatışmazlığına və daxili orqanların zədələnməsinə səbəb ola bilər. İlkin mərhələdə isə intoksikasiya əlamətləri müşahidə olunur. Yüksək hərarət, üşütmə, bel ağrıları, ümumi halsızlıq və zəiflik xəstəliyin əsas ilkin simptomları sırasındadır".

Professor həmçinin qeyd edib ki, səhiyyə sistemi kifayət qədər inkişaf edib və ebolaya qarşı vaksin mövcuddur:

"Ebola ölüm halları ilə müşayiət olunan təhlükəli virusdur. Ayrı-ayrı epidemiyalar zamanı minlərlə yoluxma və buna yaxın sayda ölüm faktı qeydə alınıb.

Bununla yanaşı, Ebola virusuna qarşı vaksin mövcuddur və səhiyyə sisteminin imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli genişlənib. Buna baxmayaraq, bu virusla bağlı zaman-zaman epidemik ocaqlar yaranır.

Ebola virusunun təbii rezervuarlarının məhz həmin ərazilərdə olması xəstəliyin burada davamlı şəkildə meydana çıxmasına şərait yaradır. Bununla belə, virusun digər ölkələrdə də aşkarlanması mümkündür. Çünki yoluxmuş və ya yeni xəstələnmiş bir insan inkubasiya dövründə, yəni xəstəliyin əlamətləri tam üzə çıxmamışdan əvvəl başqa ölkəyə gedə və infeksiyanı orada da yaya bilər.

Hər halda, hesab edirəm ki, bütün dünyada bu cür infeksiyalara qarşı diqqətli olmaq lazımdır. Xüsusilə qarşıdakı dövrdə qrip pandemiyası ehtimalı nəzərə alınmalıdır. Söhbət qrip virusunun gələcəkdə xüsusi mutasiya forması nəticəsində pandemiyaya səbəb ola bilməsindən gedir. Bu, Dünya Səhiyyə Təşkilatının da diqqət yetirdiyi mümkün ssenarilərdən biridir".

Son olaraq, Adil Qeybulla adətən böyük epidemiyalara və pandemiyalara səbəb olan virusların yoluxduruculuq və yayılma potensialının profilaktik tədbirlərin imkanlarını üstələyə bildiyini əlavə edib. 

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər