Türkiyəli aktrisa Afra Saraçoğlunun narkotik testi pozitiv çıxıb
Türkiyəli aktrisa Afra Saraçoğlunun narkotik istifadəsi ilə bağlı aparılan toksikoloji testinin nəticəsi açıqlanıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəticələr Bakırköy Respublika Baş Prokurorluğunun məşhur şəxslərlə bağlı apardığı narkotik araşdırması çərçivəsində müəyyənləşib.
Məlumata görə, istintaq çərçivəsində ifadəsi alınan və tibbi müayinədən sonra Məhkəmə Tibb Müəssisəsinə göndərilən Afra Saraçoğlunun bioloji nümunələri laboratoriyada araşdırılıb.
Hazırlanan rəsmi toksikoloji hesabatda aktrisanın saç nümunəsinin analizində kokain maddəsinin aşkarlandığı bildirilib. Saç nümunəsinin analizi şəxsin müəyyən müddət ərzində maddə istifadəsi ilə bağlı məlumat verə bilən test üsullarından biri hesab olunur.
Saraçoğlu isə daha əvvəl hüquq-mühafizə orqanlarına və prokurorluğa verdiyi ifadəsində həyatında heç vaxt narkotik maddə istifadə etmədiyini bildirib. O, evində aşkarlanan dərmanların reseptlə istifadə etdiyi müalicə preparatları olduğunu qeyd edib.
Qeyd edək ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində bir sıra aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni ilə bağlı əməliyyat keçirilib. İstintaq çərçivəsində şübhəlilərdən narkotik maddə istifadəsinin müəyyənləşdirilməsi məqsədilə qan, sidik və saç nümunələri götürülüb.
Eyni araşdırma çərçivəsində aktyor Aras Bulut İynemlinin qan, sidik və saç nümunələrinin nəticəsinin isə neqativ olduğu bildirilib. Məhkəmə Tibb Müəssisəsinin hesabatına əsasən, onun nümunələrində narkotik və ya psixotrop maddə izləri aşkarlanmayıb.












