Dubay–Təl-Əviv reysində nə baş verib? - “Flydubai”dən AÇIQLAMA
“Flydubai” reysində insident: Təyyarə Tabuk hava limanına eniş edib
Bu barədə “Flydubai”dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, sentyabrın 30-da Dubay Beynəlxalq Hava Limanından (DXB) Ben-Qurion Beynəlxalq Hava Limanına (TLV) uçan FZ 1073 nömrəli reysi həyata keçirən hava gəmisində uçuş zamanı insident baş verib.
Məlumata görə, hava gəmisi Səudiyyə Ərəbistanının Tabuk (TUU) hava limanına təhlükəsiz eniş edib. Bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub və onların hamısı qeydiyyata alınıb.
“Flydubai”dən bildirilib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi və rifahı aviaşirkət üçün ən yüksək prioritet olaraq qalır.
“Komandalarımız aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Əlavə təsdiqlənmiş məlumatlar əldə olunduqca ictimaiyyətə növbəti açıqlamalar təqdim ediləcək”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda təyyarədə pilotlar arasında mübahisə baş verdiyi və bununla əlaqədar həyəcan siqnalının verildiyi bildirilmişdi. Məlumata görə, 170-dən çox sərnişinin olduğu təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönəlib. Hadisə ilə əlaqədar havaya qırıcı təyyarələrin qaldırıldığı və İsrailin baş naziri Benyamin Netanyahu ilə müdafiə naziri İsrael Katzın təcili məsləhətləşmə keçirdiyi də bildirilib. Lakin sonradan təhlükəsizlik rəsmiləri vəziyyətin nəzarətə alındığını açıqlayıblar.












