"Birliyin Gücü – 2026" təlimində şərti düşmənin zirehli texnikası məhv edilib - VİDEO
Azərbaycanda təşkil olunan "Birliyin Gücü – 2026" birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyətləri yerinə yetirilib.
Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.
Tapşırıqların icrası iştirakçı ölkələrin hərbi qulluqçularının yüksək peşəkarlığı sayəsində uğurla yekunlaşıb.
Qeyd edək ki, təlimdə əsas məqsəd hərbi qulluqçuların praktiki vərdişlərinin artırılması, silah və texnikanın şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması, həmçinin verilən tapşırıqları çevik və koordinasiyalı şəkildə icra etmək imkanlarının genişləndirilməsidir.
Xatırladaq ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.












