DTX rəisi: Beynəlxalq təşkilatlardan gizli saxlanılan 834 azərbaycanlı ilə bağlı məlumat Ermənistana təqdim edilib
“Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanıldığı bildirilən 834 azərbaycanlının siyahısı Ermənistana təqdim edilib”.
1news.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.
O bildirib ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.
“Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim etmişik”, - deyə Əli Nağıyev bildirib.
DTX rəisi qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 Azərbaycan vətəndaşı haqqında da məlumat qarşı tərəfə verilib.
“Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər”, - deyə o vurğulayıb.
Əli Nağıyev bildirib ki, Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif edib.
Onun sözlərinə görə, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar uyğunluq müəyyən etməyib.
“Biz hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq. Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır”, - deyə DTX rəisi əlavə edib.












