“Yandex”in Rusiyadakı data-mərkəzinə PUA zərbəsi endirilib – Fəaliyyət tam dayandırılıb
Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində “Yandex” şirkətinin data-mərkəzinə pilotsuz uçuş aparatı (PUA) zərbəsi endirilib.
1news.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-nə keçən gecə baş verib. Zərbədən sonra Sasovoda “Yandex”in data-mərkəzinin yerləşdiyi ərazidə güclü yanğın başlayıb.
“Yandex” şirkətinin mətbuat xidməti hadisə nəticəsində data-mərkəzin infrastrukturunun bir hissəsinin zədələndiyini açıqlayıb.
Şirkətdən bildirilib ki, hazırda ərazidə vəziyyət nəzarətdədir və hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, zərər görən infrastrukturla əlaqədar data-mərkəzin fəaliyyəti tamamilə dayandırılıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması və təsirə məruz qalan xidmətlərin yenidən fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.
“Yandex”in əsas xidmətlərinin normal fəaliyyətini davam etdirdiyi, lakin bəzi xidmətlərə girişdə problemlərin yarana biləcəyi qeyd olunub.
Qeyd edək ki, gecə saatlarında Ukraynanın Rusiyanın müxtəlif bölgələrinə PUA-larla hücumlar təşkil etdiyi barədə məlumat yayılıb. Sasovo şəhərində “Yandex”in data-mərkəzinin yerləşdiyi sənaye müəssisəsinin də hədəfə alındığına dair iddialar sosial şəbəkələrdə yayılıb.
“Yandex”in 2014-cü ildə istifadəyə verdiyi Sasovo data-mərkəzi maşınqayırma şirkəti “Sasta”nın keçmiş zavod binalarının bir hissəsində yerləşir.












