Allahşükür Paşazadə: “Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır”
“Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır”.
1news.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində deyib.
O bildirib ki, dövlətin qərarlarına qarşı çıxmaq iqtidarında olmasalar da, vətəndaş kimi fikir bildirmək hüquqları var:
“Əvvəlki dövrlərdə də hicab məsələsi gündəmə gətirilib. Mən hicabın müzakirə mövzusu olmadığını bəyan etmişəm. Bu gün də eyni fikirdəyəm.
Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, hansı formada və hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicabdan bəhs olunmayıb. Azərbaycanda da hicab qadağan edilməyib. Mən hicabın qadağan olunduğunu heç yerdə görmürəm. Mədrəsələr və dini tədris ocaqları var, insanlar, uşaqlar da hicablı şəkildə orada təhsil alırlar. Amma dövlət məktəbləri ilə bağlı belə bir qərar qəbul edilib.
Çox təəssüflənirəm ki, bəzi qüvvələr həm ölkə daxilində, həm də xaricdə Azərbaycanda İslama və müsəlmanlara əziyyət verildiyi, onların sıxışdırıldığı barədə fikirlər yaymağa çalışırlar. Bu məsələni siyasiləşdirirlər və bu, məni narahat edir. Məktəbli formalarından siyasi məqsədlər üçün istifadə edərək dövlətçiliyə qarşı çıxır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbuledilməzdir. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından, qanlarından keçiblər.
Bir çox dövlətlərdə oluram, Dünya Müsəlmanlarının Ağsaqqallar Şurasının üzvüyəm. Əbəs yerə ora seçilməmişik. Azərbaycanın yaratdığı şərait sayəsində bizi orada nümunə kimi görürlər”, – deyə Şeyxülislam Allahşükür Paşazadə qeyd edib.












