Fransada etirazlar genişlənir – “Sarı jiletlilər” yenidən küçələrə çıxıb
Fransada bahalaşmaya qarşı çıxan “sarı jiletlilər” hərəkatının tərəfdarları, təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlər, yanacağın qiymətini protest edən fermerlər və iqlim fəalları etiraz aksiyalarına dəstək veriblər.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli mətbuatın məlumatına görə, 2018-ci ildə başlayan və hər il yaşayış xərclərinin artmasına qarşı keçirilən “sarı jiletlilər” hərəkatına son bir ay ərzində təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirən lisey şagirdləri, yanacağın qiymətlərinə etiraz edən fermerlər və iqlim fəalları da qoşulublar.
Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 500 fərqli məntəqədə etiraz aksiyalarının keçiriləcəyini açıqlayıb.
Bununla yanaşı, Paris Polis İdarəsi paytaxtda Yelisey sarayı, Baş nazirin iqamətgahı və Yelisey çölləri (Champs-Élysées) kimi mühüm ərazilərdə aksiyaların keçirilməsini qadağan edib.
Qadağaya baxmayaraq, məşhur Yelisey çölləri prospektində mağaza sahibləri vitrinləri qoruyucu panellərlə örtüblər. Prospekt boyunca təhlükəsizlik qüvvələri yerləşdirilib.
Parisdə Respublika meydanından (Place de la République) Klişi meydanı (Place de Clichy) istiqamətində yürüş isə yerli vaxtla saat 14:00-da başlayacaq.
Etiraz aksiyaları paytaxt Parislə yanaşı, xüsusilə Lion, Marsel, Renn və Lill şəhərlərində də davam edir.












