Şəhriyar Məmmədyarov Budapeştdə keçirilən turnirdə Maqnus Karlsenlə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Budapeştdə keçirilən total şahmat üzrə 2026-cı il dünya çempionatı turunun pilot turnirində C qrupunun dördüncü turunda Maqnus Karlsenlə hər iki partiyada heç-heçə edib.
Ş. Məmmədyarov birinci oyunda qara, ikinci oyunda isə ağ fiqurlarla mübarizə aparıb. Turnirin xal sisteminə əsasən, qələbə üç, heç-heçə isə bir xalla qiymətləndirilir və nəticədə oyun günündə şahmatçıların hər biri iki xal qazanıb.
C qrupuna 13 xalla Niderland şahmatçısı Aniş Giri başçılıq edir. Yan Nepomnyaşi və Hayk Martirosyan hərəyə 11 xalla ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Məmmədyarov doqquz xalla dördüncü, Karlsen isə yeddi xalla beşinci pillədədir. Abhimanyu Mişranın aktivində altı xal var. Dörd tur ərzində bir qələbə, altı heç-heçə və bir məğlubiyyət qeydə alınan Məmmədyarovun qrupdakı yekun mövqeyi sonuncu turdan sonra müəyyənləşəcək.
Qrup mərhələsinin sonuncu - beşinci turunda Azərbaycan təmsilçisi A. Giri ilə qarşılaşacaq. Noyabrın 15-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk partiyada Məmmədyarov ağ fiqurlarla oynayacaq. Saat 21:30-da start götürəcək ikinci görüşdə isə rəqiblər əks rəngli fiqurlarla çıxış edəcəklər.
Dörd qrupun qalibləri əsas çempionluq titulu uğrunda pley-off mərhələsinə yüksələcək, digər oyunçular isə qrupdakı mövqelərinə uyğun olaraq təsnifat mərhələlərində yarışacaqlar. Pley-off görüşləri noyabrın 17-dən 20-dək keçiriləcək. Xatırladaq ki, noyabrın 14-də C qrupunun üçüncü turunda Məmmədyarov A. Mişra ilə hər iki partiyanı heç-heçə ilə başa vurub.









