Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə aparılmalıdır!” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə aparılmalıdır!”

12:20 - 12 / 09 / 2019
Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə aparılmalıdır!”

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini, ümumi cərrah Bəxtiyar Musayevdir.

B.Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahələrində mütəxəssisdir, qarın boşluğu üzvləri üzərində, o cümlədən qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, bütün növ açıq və laparoskopik əməliyyatları icra edir.

50-dən artıq elmi məqalə və tezislərin, bir ixtira, üç  səmərələşdirici təklif və iki metodik tövsiyənin müəllifidir. 1990-cı ildə tibb elmləri üzrə alimlik dərəcəsini almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edib.

Bəxtiyar Musayevlə müsahibəni təqdim edirik.                 

- Artıq bir ildir ki, Siz Mərkəzi Gömrük Hospitalının komandasına qatılmısınız. Bu yeni təcrübəniz haqqında nə deyə bilərsiniz? Sizin üçün Gömrük Hospitalında bu bir il necə keçdi?

- Bəli, artıq bir il tamam oldu ki, Mərkəzi Gömrük Hospitalında müalicə işləri üzrə rəis müavini vəzifəsində işləyirəm. Uzun illər ölkəmizin bir neçə aparıcı dövlət və özəl tibb müəssisələrində müxtəlif vəzifələrdə çalışsam da, Mərkəzi Gömrük Hospitalında fəaliyyətimi həyatımın çox yeni və maraqlı dövrü hesab edirəm. Hospitala qatılmağım mənim üçün çox şərəfli və eyni zamanda ciddi məsuliyyət daşıyan bir addım oldu.

Soruşursunuz, bu bir il necə keçdi? Həm rahat, həm də çətin... Rahat ona görə ki, rəhbərlik tərəfindən öz işimə daim dəstək və qayğı gördüm, təkliflərim dərhal müzakirə edildi, hospitalın işinə yararlı olanlar qəbul olundu. Çətin isə ona görə ki, tam başqa ritmdə və yeni bir kollektivdə işləməyə başladım.

- Biz Sizi Azərbaycanda minimal invaziv cərrahiyyənin pionerlərindən biri kimi tanıyırıq. Mərkəzi Gömrük Hospitalında Siz bu təcrübənizə davam etdirirsinizmi?

- Bu sualınız mənim üçün çox dəyərlidir. Xatırladım ki, mən ilk diaqnostik laparoskopik müayinəni 1982-ci ildə, endoskopik cərrahiyyə əməliyyatlarını isə 90-cı illərin ortalarından icra etməyə başlamışam. O dövrdə Azərbaycanda mini invaziv əməliyyatlar çox nadir hallarda icra olunurdu.

Sevinirəm ki, bu gün ölkəmizdə bu bacarığa artıq onlarla cərrah malikdir. Təbii ki, illərcə qazandığım təcrübə Mərkəzi Gömrük Hospitalında da bu işi yüksək səviyyədə davam etdirməyə mənə imkan verir. Onu da qeyd edim ki, Hospitalımızda hər növ, o cümlədən miniinvaziv cərrahi müdaxilələrin icrası üçün müasir texniki imkan və şərait mövcuddur.

- Hansı hallarda Siz laparoskopik müdaxiləyə üstünlük verirsiniz? Bunun üçün hər hansı əks göstəriş mövcuddurmu?

- Artıq 30 ildən çoxdur ki, dünyada laparoskopik əməliyyatlar icra edilir. İlk etapda əks göstərişlərin sayı çox idi. Belə ki, qarın boşluğu üzvləri üzərində əvvəl keçirilmiş əməliyyatlar, yanaşı olan ürək-damar xəstəlikləri, qan dövranı çatışmazlığı az qala mütləq əks göstəriş sayılırdı. Bu xəstələr “açıq” əməliyyatlara məruz qalırdı. Lakin təcrübə toplandıqca, cərrahların və anestezioloq-reanimatoloqların texniki imkanları artdıqca əvvəlki mütləq əks göstərişlər nisbi kateqoriyaya keçməyə başladı.

İlk illər laparoskopik əməliyyatlar ümumi sayın 5-10 faizini təşkil edirdisə, hazırda bu rəqəm 80-90 faizin üstündədir. “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”: bu yanaşma artıq müasir zəmanənin tələbidir. Təbii ki, müəyyən mürəkkəb hallarda miniinvaziv əməliyyatların icra edilməsi cərrahi briqadadan daha yüksək hazırlıq, bacarıq və spesifik texniki imkanlarının olmasını tələb edir. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında bütün bu imkanlar var.

- Son illər minimal invaziv cərrahiyyənin inkişafında hansı yeniliklər olub?

- Ümumiyyətlə, mini invaziv cərrahiyyə və onun yeniliklərindən saatlarla danışmaq olar... Minimal invaziv cərrahiyyə ənənəvi cərrahiyyədən fərqli olaraq təbabət sahəsində olan texniki nailliyətlərə daha çox bağlıdır. Müasir ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya, əməliyyat gedişində tətbiq edilən rentgenoloji imkanların geniş yayılması minimal invaziv cərrahiyyə üsullarının sürətli inkişafına zəmin yaradır.

Tibb elmi o qədər inkişaf edib ki, artıq bu əməliyyatları Da Vinçi adlanan robot vasitəsi ilə də icra etmək mümkündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda və ilk növbədə, Mərkəzi Gömrük Hospitalında da biz bu üsulun tətbiq edilməsinin şahidi olacayıq.

- Yeniliklərdən hansıları Mərkəzi Gömrük Hospitalında tətbiq etməyə hazırlaşırsınız və ya artıq tətbiq edirsiniz?

- Demək olar ki, miniinvaziv cərrahiyyə sahəsində olan yeniliklərin əksəriyyəti Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Əməliyyatları aparıcı Avropa ölkələri və Türkiyədə təhsil almış və mütəmadi olaraq öz üzərində çalışan yüksəkixtisaslı cərrahlarımız icra edir. Bütün əməliyyatxana otaqlarımız müasir HD laparoskopik cihazlarla təchiz olunub. Arzumdur ki, yaxın gələcəkdə xəstəxanamızda robotik cərrahiyyəni də fəaliyyətimizə daxil edə bilək.

- Biz bilirik ki, bu yaxınlarda Sizin Hospital Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə tərəfdaşlıq münasibətləri qurub. Bu tərəfdaşlıqdan Mərkəzi Gömrük Hospitalı üçün nələri gözləyirsiniz? Bu layihənin hansı prioritetləri var?

- Florence Nightingale Xəstəxənalar Qrupu tibbin əksər sahələrində Türkiyə Cümhuriyyətinin öndə gedən bir qurumudur. Bu ilin may ayında biz Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq memorandumu imzaladıq. Razılaşma çərçivəsində çoxsahəli əməkdaşlıq proqramı hazırlanıb. Həmin proqramda partnyorlarımızın görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumların təşkili nəzərdə tutulur.

Qeyd edim ki, memorandumun imzalanmasından az sonra türk partnyorlarımızla birgə olaraq düşməndən azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində “Uşaq ürəkləri Qarabağda döyünür!” adlı xeyriyyə aksiyası keçirdik. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər.

Daha sonra Hospitalımızın bir qrup orta tibb işçisi Florence Nightingale Xəstəxanalar Qrupuna təkmilləşdirmə və təcrübə mübadiləsi məqsədilə ezam edilib. Bir neçə gün əvvəl isə Hospitalın rəhbər nümayəndə heyəti partnyorlarımızın JCİ akkreditasiya prosesinə müşahidə etmək məqsədi ilə İstanbul Florence Nightingale Xəstəxanasına ezam edilib. Həmin nümayəndə heyətinin bir üzvü kimi sizi əmin edə bilərəm ki, akkreditasiya zamanı əldə etdiyimiz yeni bilik və təcrübə Hospitalımızın gələcək inkişafı üçün çox faydalı olacaq.

1news.az

Paylaş:
829

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər