1news.az

Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

6 Dekabr saat 15:43 ~ 3 dəqiqəlik oxu 2740
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov "Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü" adlı məqalə yazıb.

1news.az həmin məqaləni təqdim edir:

“Bu gün Azərbaycanın hər yerində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirildi. Möhtəşəmliyi ilə diqqəti cəlb edən layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. Əhalinin çox müxtəlif kateqoriyalarının yüksək qiymətləndirdiyi və yaxından iştirak etdiyi aksiyada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin xüsusi fəallıq nümayiş etdirdiyini qeyd etməyə bilmərəm. Söhbət Azərbaycanın ekologiyasına töhfə verilməsindən, yaşıllıq zolaqlarının salınmasından gedən yerdə partiyamızın çoxsaylı üzvlərinin fəal iştirakı şübhəsizdir. Bu həssaslıq ümummilli lider Heydər Əliyevin təbiətə, yaşıllığa, ağaclara hər kəsə məlum olan qayğısından qaynaqlanır.

Nəsiminin xatirəsinə insanlarımızın dərin hörmət və ehtiramını ifadə edən aksiyanın bir sıra diqqəti cəlb edən məqamlarına toxunmamaq mümkün deyil. Əvvəla onu deyim ki, insanlarımız Mehriban xanım Əliyevanın həyatımızın bir çox sahələrini əhatə edən möhtəşəm layihələrini həmişə yüksək qiymətləndirərək dəstəkləmişlər. Səbəbi sadə və anlaşılandır. Həmin layihələr Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, şəfqət və xeyirxahlıq, insana qayğı kimi ali dəyərlərin möhkəmləndirilməsinə xidmət göstərir və bu səbəbdən də insanların belə təşəbbüslərə biganə qalması mümkün deyil. Reallaşdırılan layihələrin sayəsində nə qədər insan şəfqət tapıb, düşdüyü çətinliklərdən xilas olub, mənəvi dəyərlərimiz qorunub, saxlanılıb, inkişaf etdirilib. Beləcə, Mehriban xanımın xeyirxah, xalqın dostu, mədəniyyətimizin, bütünlüklə mənəvi dəyərlərimizin etibarlı himayədarı imici formalaşıb. Buna görə insanlarda Heydər Əliyev Fondunun Prezidentinin təşəbbüslərinə həssaslıqla dəstək vermək adəti formalaşıb.

Bir gün ərzində 650 min ağac əkmək təşəbbüsünün dəstəklənməsinə gəldikdə isə, qeyd etmək istərdim ki, burada onun Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına xidmət etmək niyyəti ayrıca rol oynayıb. Ancaq diqqəti cəlb edən təşəbbüsün miqyası və əzəmətidir. Əslində, sözügedən aksiya bütün bölgələrdə əhalinin böyük bir qismini əhatə edir. Aksiya zamanı müşahidə etdiyim yüksək əhval-ruhiyyə Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücündən xəbər verir. Sanki bütün xalq təşəbbüsə qoşulmaqla özünün dərin və sarsılmaz həmrəyliyini, iqtidar-xalq birliyini bir daha nümayiş etdirmək fürsəti qazanmış oldu. Əslində, 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi.

Aksiyanın əzəməti daha bir reallığı əyani surətdə, qabarıq şəkildə biruzə verdi. Bu da insanların Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirilən və böyük vədlər verən siyasətinə dərin inamdan ibarətdir. Prezidentin siyasəti indi dərin və hərtərəfli islahatlar mərhələsinə daxil olub. İnsanlar islahatların Azərbaycanın daha parlaq gələcəyinin təmin olunmasına etibarlı zəmin yaradacağına inanır. Ona görə də ölkəmizin bu günü və sabahı naminə irəliyə atılan təşəbbüsləri dəstəkləyir, onların həyata keçirilməsi naminə hər cür fədakarlıq göstərmək imkanından faydalanmağa çalışır.

650 min ağacın əkilməsi kimi möhtəşəm təşəbbüsün uğurla həyata keçirilməsi münasibətilə onun təşəbbüskarı Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm. İllər gələcək, bu gün əkilən ağaclar böyüyəcək, Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına və həyatının gözəlləşməsinə xidmət göstərəcək. Düşünürəm ki, möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir".

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net