Hakan Fidan: Azərbaycan və Türkiyə 15 milyard dollarlıq ticarət hədəfinə çatmağa çalışır
“Azərbaycan və Türkiyə 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün səylərini davam etdirir”.
1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında iqtisadi və ticarət əməkdaşlığı münasibətlərin ən mühüm istiqamətlərindən biridir.
“Qarşılıqlı investisiyalarımız, birgə layihələrimiz və ticarət dövriyyəmiz hər il daha da artır. Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız böyük səylə çalışır”, - Hakan Fidan deyib.
Türkiyənin xarici işlər naziri enerji, nəqliyyat və bağlantısallıq sahələrində əməkdaşlığın da Azərbaycan-Türkiyə münasibətlərinin strateji istiqamətlərindən olduğunu vurğulayıb.
“Bu istiqamətlərdə çoxsaylı layihələr həyata keçirilir. Əsas layihələri artıq bilirsiniz. Bu barədə ictimaiyyətə mütəmadi məlumat verilir. Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm komponentlərindən biri hesab edirik və ondan səmərəli istifadə edilməsini arzulayırıq”, - o bildirib.












