Ceyhun Bayramov: 2027-ci ilin əvvəlində Zəngəzur dəhlizində yeni mərhələ başlayacaq
“Avropanı Mərkəzi Asiya ilə, eləcə də Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin yeni istiqaməti kimi Zəngəzur dəhlizinin xüsusi önəmi var”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
O bildirib ki, Zəngəzur dəhlizi çərçivəsində Türkiyə və Azərbaycan ərazilərində, eləcə də regionun digər hissələrində müvafiq işlər həyata keçirilir.
“Hakan Fidan Türkiyə ərazisində Qars–İğdır–Dilucu istiqamətində 224 kilometrlik hissədə görülən işlər barədə məlumat verdi. Orada artıq konkret işlər həyata keçirilir.
Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycanın əsas hissəsində yeni nəqliyyat infrastrukturunun yaradılması sürətlə davam edir. Avtomobil yollarından danışırıqsa, Azərbaycan ərazisində Ermənistan sərhədi istiqamətində işlərin tamamlanma faizi təxminən 95 faizdir. Dəmir yolunun icrası isə təxminən 75 faizdir. Hər iki layihənin Azərbaycanın əsas hissəsində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 190 kilometrlik dəmir yolu bağlantısından danışırıq. Bildiyiniz kimi, bu dəmir yolu Əsrin əvvəllərindən mövcud idi. Lakin son 30 ildən artıq müddətdə demək olar ki, istifadəsiz vəziyyətdə olub. Ona görə də həmin ərazidə yenidənqurma işlərinin aparılması önəmlidir və hazırda orada da işlərə başlanılıb”.
Nazir qeyd edib ki, Zəngəzur dəhlizinin tam fəaliyyət göstərməsi üçün Ermənistan ərazisindən keçən hissə də mühüm əhəmiyyət daşıyır.
“Nəhayət, burada çatışmayan bir halqa var. Biz Azərbaycanın əsas hissəsi, Türkiyə ərazisi və Naxçıvan istiqamətləri barədə qeyd etdik. Təxminən 42 kilometrlik hissə isə Ermənistan ərazisindən keçir. Bildiyiniz kimi, ötən il Vaşinqton sammitində əldə olunmuş razılaşmalardan biri də məhz bu ərazidə nəqliyyat infrastrukturunun qurulmasını nəzərdə tutur.
Söhbət Zəngəzur dəhlizinin tərkib hissəsi olan həmin 42 kilometrlik ərazidən gedir. Burada danışıqlar birbaşa ABŞ ilə Ermənistan arasında həyata keçirilir. Lakin amerikalı tərəfdaşlarımız mütəmadi olaraq bizi işlərin gedişatı barədə məlumatlandırırlar.
Bir daha qeyd edirəm ki, söhbət Ermənistan ərazisindəki kommunikasiyaların inkişafından gedir. Lakin onun həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan ərazisi və Azərbaycan sərhədidir. Yalnız bu formada həmin dəhliz fəaliyyət göstərə bilər”.
C.Bayramov fiziki işlərin başlanması ilə bağlı son məlumatı da açıqlayıb:
“Bizə verilən son məlumata görə, hazırda layihələndirmə və şirkətin qurulması işləri davam edir və onların bu il ərzində başa çatdırılması nəzərdə tutulur. Fiziki işlərin başlanması isə 2027-ci ilin əvvəlinə planlaşdırılıb. Bu, bizə verilən ən son məlumatdır.
Ümumilikdə hesab edirik ki, fiziki işlər başladıqdan sonra bu hissəni kifayət qədər qısa müddət ərzində başa çatdırmaq mümkündür. Çünki ərazi özü böyük deyil. Söhbət 40 kilometrdən bir qədər artıq məsafədən gedir və bunu da kifayət qədər qısa müddət ərzində tamamlamaq mümkündür”.
Nazir bildirib ki, Zəngəzur dəhlizinin reallaşması Avropa ilə Mərkəzi Asiya arasında yeni nəqliyyat bağlantısının yaranmasına imkan verəcək:
“Belə olan təqdirdə Azərbaycanın əsas hissəsi ilə Ermənistan üzərindən Naxçıvan arasında birbaşa bağlantı təmin ediləcək. Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Türkiyənin və Azərbaycanın əsas nəqliyyat infrastrukturuna çıxış nəzərə alınmaqla, Avropadan Türkiyə üzərindən Azərbaycan və daha sonra Mərkəzi Asiyaya qədər uzanan bağlantının yeni və mühüm istiqaməti yaranacaq”.












