Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişləri alqışlayırıq - Hakan Fidan | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişləri alqışlayırıq - Hakan Fidan

Qafar Ağayev15:07 - Bu gün
Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişləri alqışlayırıq - Hakan Fidan

Azərbaycan və Türkiyə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün güclü zəmin yaradıb.

“Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri, həmçinin müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən əməkdaşlıq bu tərəfdaşlığın sahədəki konkret təzahürləridir. Qarşıdakı dövrdə də bu sahədə fəaliyyətimizi qarşılıqlı ehtiyaclarımız və imkanlarımız doğrultusunda davam etdirmək əzmindəyik”, - Hakan Fidan deyib.

Türkiyənin XİN rəhbəri Qarabağın işğal altında olduğu illərdə Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini xatırladıb.

“Bu gün bizim əsas prioritetimiz bölgədə sülhün, sabitliyin və rifahın davamlı şəkildə təmin edilməsidir. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdə konstruktiv mövqeyini məmnuniyyətlə izləyirik”, - o bildirib.

Hakan Fidan sülh prosesinin tamamlanmasının regionda yeni əməkdaşlıq dövrünün başlanmasına imkan verəcəyini vurğulayıb.

“Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni əməkdaşlıq dövrünün başlayacağına inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülh, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla tanınmasını arzulayırıq. Türkiyə və Azərbaycanın qardaşlığının gücü bu məqsədə çatmaqda əsas rol oynamağa davam edəcək”, - Türkiyənin xarici işlər naziri qeyd edib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər