Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir | 1news.az | Xəbərlər
Müsahibə

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

13:05 - 25 / 09 / 2019
Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.

2014-cü ildən Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışan Dr. Elməddin Əliyevlə müsahibəmizdə ürək xəstəliklərinin yaranma səbəbləri, müalicəsi və digər məsələlərə toxunduq.

Məlumat üçün bildirək ki, Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirib. O, 2011-ci ildə ABŞ-ın  Texas A&M Universitetində süni ürək proqramında çalışıb, 2012-ci ildə  SCOTT & WHITE hospitalında kardiotorakal cərrahiyyə kursu keçib.

2013-2014-cü illərdə  Ege Universiteti ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışıb. Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür.

- Siz Mərkəzi Gömrük Hospitalında işlədiyiniz illərdə uğurlu cərrah kimi tanınmısınız. Bəs Sizin cərrah kimi yetişməyiniz necə baş verib?

- Düşünürəm ki, istənilən peşə sahibinin yetişməsində onun ilk müəllimləri valideynləri olur. Mən özüm həkim ailəsində böyümüşəm - atam həkim olub.  Məktəb illərindən inanırdım ki, mən də həkim olacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra təhsilimi Türkiyədə davam etdirdim. 2007-2013 illərdə Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə uzmanlıq təhsilimi aldım. Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindən faydalandım, Ege Universitetinin tanınmış professorları Dr. Mustafa Özbaran və Dr. Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Sözsüz ki, bu gün uğurlu cərrah kimi fəaliyyət göstərməyimdə müəllimlərimin xüsusi zəhməti var.

- Beş ildən artıqdır ki, Mərkəzi Gömrük Hospitalında işləyirsiniz. Bu illər ərsində təxminən nə qədər cərrahi əməliyyat icra etmisiniz?

- 2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyər idi. Çünki bu Hospital Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir. Baş həkimin və xəstəxana kollektivinin dəstəyi sayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərində əldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. İşlədiyim 5 il ərzində bu Hospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm.

- Sizə daha çox hansı xəstəliklərlə, qüsurlarla müraciət edirlər?

- Türkiyədə oxuyarkən mən həm böyüklərdə, həm uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyəsi ilə bağlı təhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında məhz böyüklər üzərində cərrahi əməliyyatları icra edirəm. Mənə ən çox edilən müraciətlər isə xəstələrin ürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bundan başqa ürəyin magistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda, ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlmə ürək problemi olan xəstələr də müraciət edir. Bütün bu hallarda biz xəstələri cərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında bu əməliyyatları icra etmək üçün müasir tələblərə uyğun olan hər bir şərait var.

- Xəstələrinizdən (və ya icra etdiyiniz əməliyyatlardan) hansı daha çox yadınızda qalıb və nəyə görə?

- Ürək cərrahiyyəsi digər cərrahiyyələrə nisbətən daha böyük və mürəkkəb prosesdir. Ona görə də hər bir xəstə üzərində aparılan cərrahi əməliyyat və əməliyyatdan sonrakı dövr bizim üçün bir iz buraxır. Heç də təəccüblü deyil ki, mənim ən çox yadımda qalan pasiyentlər - ilk cərrahiyyə əməliyyatı icra etdiyim xəstələrdir. Mən Türkiyədə təhsil aldığım zaman 27 yaşım var idi. İlk cərrahiyyə əməliyyatımı da həmin dövrdə icra etmişdim. Cərrahiyə elədiyim insan xroniki dializ xəstəsi idi. Kifayət qədər riskli xəstə idi. Biz də bu xəstə üzərində uğurla cərrahiyyə əməliyyatı etdik. Bu əməliyyat mənə özümə inam verdi, öz bilik və bacarıqlarıma əminliyimi artırdı, düzgün peşə seçməyimdə yanılmadığıma inandırdı. 27 yaşında ilk dəfə olaraq açıq ürək əməliyyatı etmək mənim üçün böyük məsuliyyət və bir stimul oldu. Bir məqamı da xüsusi qeyd etmək istərdim. Biz Türkiyədə cərrahiyyə əməliyyatları icra edərkən arxamızda həmişə bir peşəkar dəstək hiss edirdik, çətinliklə üzləşdikdə hocalarımıza güvənirdik. Göstərdikləri köməyə, dəstəyə görə mən hörmətli professorlarıma həmişə minnətdaram. Mənim peşəkar kardiocərrah kimi yetişməyimdə onların böyük rolu olub.

- Cərrahın uğuru – həm də onun komandasının uğurudur. Komandanız haqqında bir qədər danışın, zəhmət olmazsa.

- İstənilən cərrahi müdaxilə bir komandanın vahid işini tələb edir. Kardiocərrahiyyədə isə, bu, daha da önəmlidir. Komandamızda açıq ürək əməliyyatını icra etmək üçün 12 nəfər peşəkar var. Mən fürsətdən istifadə edərək komandamızın bütün üzvlərinə - əməliyyatda mənə kömək edən assistent cərrahlara, narkoz verən anestezioloqlara, əməliyyatdan sonra xəstələrimi aparan reanimatoloqlara, şöbədə həmin xəstələri nəzarət edən növbətçi həkimlərə, onlara xidmət edən tibb bacılarımıza, kiçik tibb işçilərimizə böyük və çətin işlərinə görə dərin təşəkkürümü bildirmək istəyirəm.

- Biz bilirik ki, Mərkəzi Gömrük Hospitalı bu yaxınlarda Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun tərəfdaşı olub. Bu tərəfdaşlıq konkret olaraq Sizin planlarınıza öz təsirini göstərəcəkmi?

- Bəli,  bu ilin may ayında Gömrük Hospitalı Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. İnanıram ki, ikitərəfli əməkdaşlıq bizim üçün çox prespektivli olacaq. Düşünürəm ki, hər iki tərəfin təşkil etdiyi seminarlarda, konfranslarda, həmçinin, təcrübə mübadiləsi məqsədilə təşkil olunacaq təlimlərdə, təkmilləşdirmə kurslarında iştirak etməklə, mən də bu əməkdaşlıqdan xeyli yararlanacağam.

- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

- Çox sağolun.

1news.az

 

 

Paylaş:
1341

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər