Nazirin ““Süni intellekt müəllimi əvəz etməyəcək” fikri bayağıdır” açıqlamasına ekspertdən CAVAB
Süni intellektin son illərdə sürətlə inkişaf etməsi və gündəlik həyatın müxtəlif sahələrinə daha geniş şəkildə daxil olması təhsil sisteminin qarşısında da yeni çağırışlar yaradıb.
Artıq süni intellektdən dərs prosesində, tədris materiallarının hazırlanmasında, məlumatların emalında və şagirdlərin öyrənmə imkanlarının genişləndirilməsində istifadə olunur. Bununla yanaşı, texnologiyanın sürətli inkişafı müəllimin gələcəkdəki rolunun necə dəyişəcəyi və süni intellektin təhsil prosesində hansı mövqedə dayanacağı ilə bağlı müzakirələri də aktuallaşdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev ötən gün iştirak etdiyi tədbirdə də bu məsələyə münasibət bildirərək, “Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək” fikrinin bayağı yanaşma olduğunu qeyd edib və süni intellektin artıq təhsil sisteminə daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ texnologiyanın təhsildə olub-olmaması deyil, ondan necə və hansı məqsədlərlə istifadə edilməsidir. Eyni zamanda, süni intellektdən istifadə zamanı xüsusilə qiymətləndirmə və texnoloji inkişafın sürəti kimi məsələlərə diqqət yetirilməlidir.
Bəs süni intellektin təhsil sisteminə sürətli inteqrasiyası müəllimin rolunu necə dəyişəcək? Gələcəkdə müəllim və süni intellekt arasında rəqabətdən yoxsa, əməkdaşlıqdan danışmaq daha doğru olar? Süni intellekt təhsil prosesində müəllimi əvəz edə bilərmi, yoxsa onun imkanlarını tamamlayan bir vasitəyə çevriləcək?
Mövzu ilə bağlı 1news.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri hesab edir ki, təhsildə süni intellektin əsas məqsədi müəllimləri əvəz etmək deyil, onların fəaliyyətinə müxtəlif istiqamətlərdə dəstək göstərməkdir.
“Süni intellektin təhsildə əsas işi yeni məzmun yaratmaq və təqdim etməkdir. Bundan ən çox istifadə edən şəxs isə müəllimdir. Müəllim mövzu ilə bağlı öz ideyalarını və sillabusunu hazırlayır, daha sonra süni intellektdən həmin mövzuya fərqli kontekstdən yanaşmağı istəyir. Bu zaman süni intellekt müəllimə yeni məzmun təqdim edir və hadisələrə, predmetə daha fərqli baxmağa dəstək olur. Burada pis bir şey yoxdur. Bu, müəllimin işini əlindən almaq deyil, əksinə, onun fəaliyyətini daha da rəngarəng etməkdir”, - deyə ekspert bildirib.
Elmin Nurinin sözlərinə görə, dünyanın bir çox ölkəsində süni intellekt artıq təhsilin transformasiyasının mühüm elementlərindən birinə çevrilib. Onun fikrincə, müəllimlərin süni intellektdən istifadə bacarıqlarının artırılması da bu prosesin əsas istiqamətlərindəndir.
“Udemy kimi beynəlxalq platformalara daxil olsanız, müəllimlər üçün süni intellektə aid çoxsaylı kursların olduğunu görərsiniz. Onların arasında həm ödənişli, həm də ödənişsiz kurslar var. Bu da süni intellektlə müəllim və məktəb əlaqəsinin qurulmasının nə qədər vacib olduğunu göstərir. Müəllim qiymətləndirmə meyarlarını dəqiqləşdirmək, müəyyən oyun və fəaliyyətlər hazırlamaq kimi məsələlərdə də süni intellektdən yararlana bilər. Süni intellekt heç bir halda müəllimi əvəz edə bilməz. Sadəcə, o, müəllimin əsas yardımçısına çevrilə bilər. Əsas sual budur: müəllim onu yardımçı kimi qəbul edib imkanlarından istifadə edəcəkmi?”, – deyə Elmin Nuri vurğulayıb.
Müəllifin son sözü:
Görünən odur ki, süni intellekt digər sahələrə olduğu kimi təhsil sisteminə ciddi təsir edir. Bu gün sual “süni intellekt müəllimi əvəz edəcək? yox, “süni intellekti təhsil sistemimizə necə inteqrasiya edək?” olmalıdı. Süni intellektin inkişafı müəllimin rolunu aradan qaldırmaqdan daha çox, onun fəaliyyətinin məzmununu və iş üsullarını dəyişəcək. Müəllimdən əvvəlki kimi yalnız bilik ötürməsi deyil, şagirdin düşünmə, analiz və düzgün istiqamət seçmə bacarıqlarının formalaşdırılmasında daha fəal rol alması gözlənilir. Bu baxımdan süni intellekt müəllimin rəqibi deyil, düzgün istifadə edildiyi halda onun imkanlarını genişləndirən mühüm vasitə ola bilər. Əsas məsələ isə müəllimlərin bu texnologiyaya nə qədər tez uyğunlaşacağı və ondan tədrisin keyfiyyətini artırmaq üçün necə istifadə edəcəyidir. Çünki texnologiya nə qədər sürətlə inkişaf etsə də, təhsilin mərkəzində yenə də insan, onun düşüncəsi və müəllimin formalaşdırdığı dəyər dayanır.











