MFL Carlsberg Biznes Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL Carlsberg Biznes Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib – FOTO – VİDEO

16:00 - 25 / 12 / 2019
MFL Carlsberg Biznes Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən yeni turnirin - MFL Carlsberg Biznes Liqasının startına sayılı günlər qalıb.

1news.az-ın məlumatına görə, dekabrın 21-də ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçiriləcək MFL Carlsberg Biznes Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib.

Boulevard Hotel Baku-da keçirilən mərasimdə MFL-in direktoru Rəhman Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov, “Carlsberg Azerbaijan” şirkətinin marketinq üzrə direktoru Yana Slivka, eləcə də MFL Carlsberg Biznes Liqasında iştirak edən komandaların üzvləri iştirak ediblər.

İlk növbədə MFL-in yaranma tarixi, əldə edilən uğurlar, MFL Carlsberg Biznes Liqası ilə bağlı videoçarx nümayiş etdirilib.

MFL-in direktoru Rəhman Hacıyev bildirib ki, bu gün MFL minlərlə futbol həvəskarını öz ətrafında birləşdirməklə yanaşı, ölkə futbolunun inkişafına öz töhfəsini verməkdə davam edir:

“MFL-i yaratmaqda əsas məqsədimiz mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirmək, ölkəmizdə futbolu daha da populyarlaşdırmaq, eyni zamanda insanları zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzi sürməyə, daha çox idmanla məşğul olmağa təşviq etmək, eləcə də bir-birindən maraqlı layihələrlə futbolsevərləri sevindirməkdir. MFL-ə olan marağın getdikcə artdığını nəzərə alsaq qarşımıza qoyduğumuz məqsədlərə nail olduğumuzu əminliklə deyə bilərik”.

MFL yaranan gündən AFFA tərəfindən dəstəkləndiyini deyən R.Hacıyevin sözlərinə görə, AFFA rəhbərliyi Azərbaycanda baş verən istənilən futbol fəaliyyəti ilə sıx maraqlanır və dəstək verir.

R.Hacıyev artıq dünyaca tanınmış brend şirkətlərin də MFL-lə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb:

“Digər tərəfdən istəyirdik ki, şirkətlərlə də hər iki tərəf üçün əlverişli olan sıx əməkdaşlıq əlaqələri yaradaq. Bildiyiniz kimi, sponsorları cəlb etmək elə də asan məsələ deyil. Gərək əlində maraqlı bir məhsulun olsun. Gərgin bir işin və zəhmətin məhsulu olan MFL-in özünü bütünlüklə doğrultduğunu deyə bilərik. Buna görədir ki, “Carlsberg” kimi dünya brendi bizimlə əməkdaşlıq etməyə qərar verib. Ümumiyyətlə, MFL-lə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı getdikcə artmaqdadır və bu, bizi sevindirməyə bilməz. Əməkdaşlıq etdiyimiz şirkətlər arasında “Carlsberg”lə yanaşı “McDonald’s”, “Muğanbank”, “Go Sport” idman mağazaları şəbəkəsi, LSS, “BOS Shelf” kimi nüfuzlu şirkətlər var. Bu cür şirkətlərin diqqətini cəlb edə bildiyimizə görə fəxr edirik”.

MFL-in direktoru tərəfdaş şirkətlərə təşəkkür etməyi də unutmayıb və onlarla əməkdaşlıqdan məmnunluğunu dilə gətirib:

“Bizi hər zaman dəstəkləyən AFFA-ya və “Carlsberg Azerbaijan” şirkətinin rəhbərliyinə təşəkkür edirəm. “Carlsberg Azerbaijan” şirkəti olmasaydı bu gözəl layihəni reallaşdırmaq mümkün olmazdı. Turnirə maraq gözlədiyimizdən də böyükdür. Qalib komanda dünya futbolunda ən maraqlı oyunlardan birini izləmək imkanı əldə edəcək”.

AFFA-nın baş katibi Elxan Məmmədov MFL-in Azərbaycanda çox gözəl bir ənənə yaratdığını söyləyib:

“Futbol həvəskarları mütəmadi olaraq MFL tərəfindən təşkil edilən turnirlərdə iştirak edirlər. Mən özüm də hər həftə MFL turnirlərinin keçirildiyi məkanda futbol oynayıram. Orada olan zaman futbolçulardakı həyəcanı, əzmkarlığı görəndə özümə söz verirəm ki, növbəti mövsüm komanda yaradaraq biz də iştirak edəcəyik. Amma oradakı rəqabəti, mübarizəni görəndən sonra risk eləmək istəmirəm. MFL Carlsberg Biznes Liqasının bütün iştirakçılarını təbrik edir, onlara uğurlar arzu edirəm”.

“Carlsberg Azerbaijan” şirkətinin marketinq üzrə direktoru Yana Slivka MFL Carlsberg Biznes Liqasının sponsoru olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb:

“Tərəfdaşlarımıza xüsusi təşəkkür edirəm ki, bizə belə bir imkanı verdilər. İnanıram ki, bu gözəl layihə yüksək səviyyədə keçəcək və hər kəs ondan zövq alacaq. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edir, uğurlar arzulayıram”.

Xatırladaq ki, dekabrın 13-də “MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib (bax: “MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib - FOTO - VİDEO). Püşkatmanın nəticəsində “MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində çıxış edəcək cütlüklərin adına aydınlıq gəlib.

“MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində ümumilikdə 46 komanda çıxış edib. 14-15 dekabr tarixlərində baş tutan görüşlər kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçib. Cütlüklərin mübarizəsində qalib gələn 23 komanda “Carlsberg Azerbaijan” şirkətinin komandası ilə birgə qrup mərhələsində çıxış etmək hüququ qazanıb.

Çıxışlardan sonra MFL Carlsberg Biznes Liqasının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edən 24 komanda hər birində 12 komanda olmaqla iki qrupa – A və B qruplarına bölünüblər.

Qeyd edək ki, öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Final matçı, eləcə də üçüncü yer uğrunda oyun 2020-ci il 25 aprel tarixində baş tutacaq.

Oyunlar həftə sonları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydançalarında keçiriləcək.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

MFL – küçələrdən meydanlara

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL (Mini Futbol Liqası) – futbol həvəskarları tərəfindən futbol həvəskarları üçün yaradılan liqadır.

Bir-birindən maraqlı layihələrə imza atan MFL-ə maraq göstərənlərin, onun ətrafında birləşən futbol həvəskarlarının sayı günbəgün artır.

Planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edən MFL bu günə qədər bir çox mötəbər turnirlərin təşkilatçısı olub. Daha dəqiq desək, bu günə qədər MFL 10 turnir təşkil edib ki, bu turnirlər çərçivəsinə keçirilmiş 2986 oyunda 379 komanda, 4223 oyunçu çıxış edib.

Həvəskar futbola peşəkar yanaşma

Həvəskar futbolçular arasında turnirlər keçirməsinə baxmayaraq MFL rəhbərliyi öz işinə olduqca peşəkar yanaşır. Bunu şərtləndirən başlıca amil isə Azərbaycanın əsas futbol qurumu olan AFFA ilə yaxından əməkdaşlıq etməsidir.

MFL-in oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında keçirilir. Onu da deyək ki, məhz MFL-in sayəsində Bakı Olimpiya Stadionunun ətrafında əsl idman şəhərciyi yaranıb desək yanılmarıq. Belə ki, MFL-in oyunlarının keçirildiyi günlər futbol həvəskarları bura axışırlar və arenanın ərazisində əsl idman ab-havası yaradırlar.

Hər bir oyuna tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edir. Bu da Liqada yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

Yaşlı futbolçular yaşıl meydanlara dönür

MFL vaxtilə Azərbaycan futbolunun uğurları üçün çalışmış, hazırda isə karyerasını başa vurmuş peşəkar futbolçular üçün də gözəl imkanlar yaradır. Həmin futbolçular MFL-in turnirlərində iştirak etməklə və öz təcrübələrini gənc futbolçularla bölüşməklə MFL-ə xüsusi maraq və rəng qatırlar.

Futbol biznesinin inkişafına böyük dəstək

Digər tərəfdən MFL ölkəmizdə əsl futbol biznesi yaratdı desək yanılmarıq. Burada çıxış edən komandalar və oyunçular futboldan zövq almaqla yanaşı həm də yeni-yeni əlaqələr qurmaq və gəlir əldə etmək imkanı qazanırlar. MFL-in bu təcrübəsi çox gözəl bir nemunə sayıla bilər.

“Carlsberg”, “McDonald’s”, “Muğanbank”, “Go Sport”, LSS, “BOS Shelf” kimi nüfuzlu şirkətlərin MFL-in tərəfdaşı olması xüsusi qeyd olunmalıdır. Bu cür şirkətlərin sayının artacağını isə əminliklə demək olar. Çünki bu gün artıq MFL özü bir brendə çevrilib və onunla əməkdaşlıq etmək hər bir şirkət üçün ancaq və ancaq uğur gətirə bilər.

MFL Ladies 2019 – mübarizəyə qadınlar qoşulur!

MFL rəhbərliyi zərif cinsin nümayəndələrini də yaddan çıxarmayıb. 2019-cu ilin 8 Mart tarixində -  Beynəlxalq Qadınlar Günündə qadınların iştirakı ilə “MFL Ladies 2019” turniri keçirilib. 24 qadın futbolçunun iştirak etdiyi turnir tək qadınlar arasında deyil, kişilər arasında da böyük marağa səbəb olub.

MFL All Star - Bakı Olimpiya Stadionunda Böyük Oyun

2017-ci il dekabrın 29-da, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində regionun əsas arenası olan Bakı Olimpiya Stadionunda Böyük Oyun keçirilib. MFL-in ən güclü futbolçularının qarşılaşdığı “MFL All Star” adlı möhtəşəm oyun CBC telekanalı vasitəsilə canlı yayımlanıb.

MFL futbolçuları Premyer Liqa klublarının Antalya toplanışında

MFL və Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” və “Sumqayıt” komandaları arasında aparılan danışıqların nəticəsi olaraq liqanın dörd ən yaxşı futbolçusu adıçəkilən komandalarla birgə Antalyada keçirilən təlim-məşq toplanışında iştirak ediblər.

Fair-Play mükafatı

Ədalətli oyun prinsiplərinə hər zaman sadiq qalan və bunu təşviq edən MFL komandası təşkil etdiyi turnirlərin bu prinsiplər əsasında keçirilməsinə xüsusi səy göstərir. Təsadüfi deyil ki, bu mövsüm ilk dəfə olaraq “Fair Play” mükafatı təsis olunub.

Adından da göründüyü kimi, mövsüm ərzində ən az sarı və qırmızı kart alan, yəni ən intizamlı komanda “Sabah” futbol klubu tərəfindən xüsusi mükafat almaqla yanaşı, növbəti mövsüm Liqada pulsuz iştirak etmək hüququ qazanacaq.

MFL-in saytı yeniləndi

MFL-in saytı tamamilə yenidən qurulub, bura bir çox yeni bölmələr əlavə olunub. Sayta MFL-in təşkil etdiyi turnirlərdə iştirak edən komandaların və oyunçuların böyük məlumat bazası yüklənib. Burada keçirilən turnirlər, oyunların nəticələri, oyunçularla bağlı statistik məlumatlar – keçirdikləri oyunların, vurduqları qolların, məhsuldar ötürmələrinin sayı və digər məlumatlarla tanış olmaq mümkündür.

MFL-in sponsorları və tərəfdaşları

MFL-in təşkil etdiyi turnirlərə maraq göstərən və sponsorluq edən şirkətlərin sayı artmaqdadır. Hazırda davam edən LSS MFL 2019/20 Liqasının tərəfdaşları qismində “Leading Supply Solutions” LLC, BOS SHELF LLC, “McDonald's Azerbaijan”, “Muğanbank”, “Sabah” Futbol Klubu, “Carlsberg Azerbaijan” və “GoSport Baku” kimi şirkətlər çıxış edirlər. Bu da MFL-ə olan inam və etimadın göstəricisi hesab oluna bilər.

Xeyriyyəçilik

MFL tək futbolla deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. MFL Komandalar arasında ancaq futbolu deyil, həm də “fair play”ı, xeyriyyəçiliyin vacibliyini, eləcə də futboldan kənar olsa da hər kəsin bir şəxsiyyət kimi inkişaf etməsinə töhfə verən tədbirləri təbliğ edir və dəstəkləyir.

1news.az

Paylaş:
4028

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər