Lənkəran ictimaiyyəti ölkədə qarşıdurma yaratmağa çalışanların ciddi cəzalandırılmasını tələb edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran ictimaiyyəti ölkədə qarşıdurma yaratmağa çalışanların ciddi cəzalandırılmasını tələb edir

13:05 - 29 / 11 / 2015
Lənkəran ictimaiyyəti ölkədə qarşıdurma yaratmağa çalışanların ciddi cəzalandırılmasını tələb edir

Lənkəran ictimaiyyətinin nümayəndələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı bəyanat qəbul ediblər.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bəyanatda özünü “Müsəlman birliyi hərəkatı” adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi, demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdləri qətiyyətlə pislənilib. Qeyd edilib ki, bu hadisələrin təşkilatçıları olan radikal ünsürlərin arasında iki lənkəranlının da adının çəkilməsi bizi hədsiz hiddətləndirib.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə möhkəm əsaslar üzərində bərqərar olunmuş, saysız-hesabsız qəsdlərdən, məkrli təxribatlardan qorunaraq tərəqqi yoluna çıxmış müstəqil dövlətimizə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyən Lənkəran ictimaiyyətinin nümayəndələri qarşıdurmanı təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirlər.

Bəyanatda deyilir: “Lənkəran tarixən Azərbaycanın ayrılmaz hissəsi, cənub bölgəsində alınmaz qalası olub. Sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdu olan Lənkəranda azərbaycançılıq məfkürəsi, milli dövlətçiliyə, Ümummilli Liderin siyasi xəttinə sədaqət hissi el-oba istəyindən, ailə tərbiyəsindən, adət-ənənələrdən, milli mənəvi dəyərlərdən güc alır.

Vətən tarixinin ən parlaq səhifələrində adları şərəflə çəkilən qəhrəmanlarımızın çərgəsində Lənkəranın şöhrətli övladlarının adlarının olması bizim üçün çox qürurvericidir. Fəxr edirik ki, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və Vətən torpaqlarının müdafiəsi uğrunda müqəddəs mübarizələrdə lənkəranlılar da çoxlu şəhidlər veriblər. Vətən naminə canını qurban vermiş şəhid övladlarımızın rəşadətinə, qəhrəmanlığına din pərdəsi altında dövlətimizə qarşı təxribatlar törətməyə çalışan qüvvələrin təsiri altına düşmüş bir-iki nəfər məsləksizin bəd əməli gölgə sala bilməz. Onların düşüncəsiz, nalayiq hərəkətləri Lənkəranda heç vaxtı qeyri-sabitlik törədə, xalqın dinc həyatını, əmin-amanlığını və həmrəyliyini poza bilməz”.

Bildirilib ki, təxribatçılara qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı lənkəranlı gənc - polis serjantı Tağıyev İsmayıl Rəsul oğlu qəhrəmancasına həlak olub. Bu, bir daha sübut etdi ki, Vətənini, dövlətini ürəkdən sevən lənkəranlılar şəhid olarlar, amma düşmənə aman verməzlər.

Vurğulanıb ki, Ulu Öndərin atalıq qayğısı ilə yaraşıqlı diyara çevrilmiş Lənkəran bu gün Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə sosial-idtisadi və mədəni inkişafının ən gözəl dövrünü yaşayır. Rayonda insanların çoxillik arzularını gerçəkləşdirən sosial layihələrin ardıcıl həyata keçirilməsi hesabına həyat şəraiti durmadan yaxşılaşır, insanlarda daha firəvan gələcəyə böyük inam yaranır.

“Bu gün hər bir lənkəranlı Vətənimiz Azərbaycanın dünyadakı qabaqcıl mövqeyindən qürur duyur. Xalqımızla birlikdə lənkəranlılar da Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyir və bu siyasətin qələbəsi uğrunda mübarizədə daim öndə olmaqdan şərəf duyurlar.

Biz Azərbaycan Prezidentini əmin edirik ki, lənkəranlılar bundan sonra da dövlətimizin başçısı ətrafında sıx birləşərək müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli tərəqqimizin daha da sürətlənməsinə xidmət edəcəklər”, - deyə bəyanatda qeyd olunub.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər