Siyavuş Novruzov: “Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox” | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyavuş Novruzov: “Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox”

14:08 - 01 / 12 / 2015
Siyavuş Novruzov: “Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox”

“Heç kəs dövlət qarşısında şərt qoya bilməz”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır:

“Dövlətə qarşı ərköyünlük şəraiti yaratmaq olmaz. Dövlətin hansısa kənddən çəkindiyini söyləmək də düzgün deyil. Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox. Bu, sırf təhlükəsizlik məsələsidir. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, hər bir vətəndaş qanuna tabe olsun, sabitlik qorunsun”.

Komitə sədri qeyd edib ki, Nardaranda baş verən adi kriminal hadisə deyil:

“Burada ixtisaslaşmış, xüsusi hazırlanmış dəstədən söhbət gedir. Saxlanılanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər”.

S.Novruzov sözlərinə əlavə edib ki, Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik və əlavələr edilməsi müzakirə olunacaq.

Xatırlaqdaq ki, Nardaranda kiçirilən xüsusi əməliyyatlar zamanı 2 nəfər polis həlak olub, ekstremist dəstənin üzvlərindən isə 14 nəfər saxlanılıb. 

Həlak olmuş polis serjantları noyabrın 27-də torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həlak olan polis serjantları -  Vüqar Eyyub oğlu Nəsibovu və İsmayıl Rəsul oğlu Tağıyevi “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib (ölümündən sonra).

1news.az

 

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər