BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verilir

11:57 - 26 / 11 / 2015
BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verilir

Bu fikir Vergilər Nazirliyində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə nazirliyin rəhbərliyinin görüşündə səsləndirilib.

1news.az  AZƏRTAC-a istinadən xəbər veriri ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, vergilər naziri Fazil Məmmədov qonağı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonağa məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın mövcud iqtisadi durumunda vergi orqanlarının üzərinə kifayət qədər çətin və mürəkkəb vəzifələr düşür. Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətlərin genişləndirilməsi yolu ilə qlobal iqtisadiyyatda baş verən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün onun fəaliyyət sahəsinə aid olan tədbirləri həyata keçirir, Azərbaycana böyük investisiya qoyan bp şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Qordon Birrell Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsindən, ölkəmizdə ən böyük xarici sərmayəçilərdən biri olan bp şirkətinin bu inkişafa öz töhfəsini verməsindən məmnun olduğunu vurğulayıb. O, bp şirkətinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşdığını, hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən tərəfdaşlarla birgə Vergilər Nazirliyi ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib.

Görüşdə Azərbaycan və bp arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

1news.az

 

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər