"Şamaxinka"da yerləşən avtomobil tuneli üzərindəki parklanma yeri ləğv edilib-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Şamaxinka"da yerləşən avtomobil tuneli üzərindəki parklanma yeri ləğv edilib-FOTO

10:59 - 25 / 11 / 2015
"Şamaxinka"da yerləşən avtomobil tuneli üzərindəki parklanma yeri ləğv edilib-FOTO

Bakı şəhərinin Moskva prospektində “Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

1news.az xəbər verir ki, parkinqin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və Bakı şəhər İcra Hakimiyyəti ilə birgə razılaşdırılmış şəkildə həyata keçirilib.

Cəmiyyətdən daxil olan məlumata görə, artıq həmin ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb. Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibləri də tapılandan sonra əraziyə giriş “Azəryolservis” tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq. Hələlik isə parkinqə nəqliyyat vasitələrinin daxil olmalarının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb.

"Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzərində deyil, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də mövcuddur. Analoji parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Buna görə də həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq", - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, bir müddət öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstü və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan olunması ilə bağlı “Azəryolservis” tərəfindən aidiyyəti üzrə müraciət olunub.

 

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər