Zakir Həsənov: Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib
Müdafiə naziri Zakir Həsənov Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
1news.az-ın məlumatına görə, Azərbaycan ilə Fransa arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri, ölkələrimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi qeyd edən müdafiə naziri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bölgədəki vəziyyətə toxunan Z.Həsənov bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq davam edən Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir.
“Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib”- deyə, nazir vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım diplomat ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin genişləndirilməsinə dair konkret məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif ixtisaslar üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
1news.az