«ADA» Universitetində «Arzularımız yarımçıq qalmasın...» videoçarxının təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

«ADA» Universitetində «Arzularımız yarımçıq qalmasın...» videoçarxının təqdimatı olub - FOTO

02:05 - 10 / 12 / 2015
«ADA» Universitetində «Arzularımız yarımçıq qalmasın...» videoçarxının təqdimatı olub - FOTO

“ADA” Universitetində yol hərəkəti təhlükəsizliyi mövzusunda hazırlanan “Arzularımız yarımçıq qalmasın...” videoçarxının təqdimat mərasimi keçirilib.

Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə təsadüf edən tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, universitetin professor, müəllim, rəhbər heyəti və tələbələri iştirak ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsindənAZƏRTAC-a bildiriblər ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tələbə layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək cəmiyyətdə ictimai məsuliyyət hissinin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb. Vurğulanıb ki, insan öz həyat tərzini düşünərkən cəmiyyətin qanunlarına rəğbətlə yanaşmalı, məsuliyyətli olmalıdır ki, başqasının hüququ pozulmasın. Universitetdə ictimai məsuliyyət üzrə tələbələrə tədris olunan proqramın əsas məqsədinə toxunan Hafiz Paşayev gəncləri cəmiyyətin həyatında yaxından iştirak etməyə çağırıb.

Mövzuya dair təqdimatla çıxış edən layihənin ideya müəllifi, universitetin “Biznesin idarə edilməsi” fakültəsinin ikinci kurs tələbəsi Ülkər Kərimli bildirib ki, arzuların yarımçıq qalmaması, insan talelərinin hədər olmaması üçün cəmiyyət üzvlərinin ictimai təhlükəsizliyinə kölgə salan hallara qarşı hər kəs məsuliyyətli olmalı, ictimai qaydaya əməl etməlidir. Ülkər Kərimli diqqətə çatdırıb ki, ictimai məsuliyyət yaradan layihənin həyata keçirilməsində əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində hərəkət iştirakçılarının öz məsuliyyətini dərk etmələrindən ibarətdir.

Tədbirdə 200-dək tələbə arasında keçirilən sorğu, gənclərin yol-nəqliyyat hadisələri barədə məlumatları və davranışları barədə toplanan statistik nəticələr nümayiş olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tələbə təşəbbüsü ilə həyata keçirilən ideyanın mahiyyətini təhlil edərək yollarda yaranan vəziyyətin daha çox sürücü və piyada məsuliyyəti ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, əsas diqqət təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib. Burada təkcə yol polisi yox, cəmiyyətin hər bir üzvü – hərəkət iştirakçısı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Polis polkovniki vurğulayıb ki, yollarda hadisələrin əksəriyyəti yüksək sürət, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması səbəbindən baş verir.

Universitetin aparat rəhbəri Şəfəq Mehrəliyeva diqqəti cəmiyyətdə ictimai məsuliyyətin dərinləşməsində tələbə ideyasının aktuallığına yönəldib. O bildirib ki, hər bir vətəndaş ictimai mövqeyindən asılı olmayaraq cəmiyyəti narahat edən hallara qarşı mübarizədə fəal olmalıdır.

Tədbirdə Ülkər Kərimlinin və onunla çalışan heyətin üzvlərinin – “İqtisadiyyat” və “Dövlət və ictimai münasibətlər” fakültələrinin tələbələri Ülvi Mütəllimov, Aydan Baxşəliyeva, Lalə Namazova, Mətanət Əkbərli, Sadıq Səlimzadənin layihənin işlənməsində səyləri yüksək qiymətləndirilib.

Vurğulanıb ki, istedadlı tələbələrin fəallığı ilə çəkilən ekran əsərinin dramaturji konsepsiyası insanların emosiyalarına toxunmaqla onlara daha məsuliyyətli yaşamağı aşılamaqdır.

Tədbirdə layihənin təşkili və hazırlanmasında göstərdiyi dəstəyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, “BakuBus” MMC və digər müvafiq qurumlara minnətdarlıq ifadə olunub.

Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb.

Prezident.az

Paylaş:
1712

Son xəbərlər

Bütün xəbərlər