Yeni qayda: Azərbaycanda dövlət qulluqçuları attestasiyadan keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni qayda: Azərbaycanda dövlət qulluqçuları attestasiyadan keçiriləcək

10:20 - 10 / 12 / 2015
Yeni qayda: Azərbaycanda dövlət qulluqçuları attestasiyadan keçiriləcək

Nazirlər Kabineti “Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiq edib.

1news.az-ın "Report"-a istinad edərək verdiyi xəbərə görə, bu qaydalar dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydasını müəyyən edir.

Attestasiyanın keçirilməsinin əsas məqsədləri dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyinin artırılmasının stimullaşdırılması, dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsidir.

İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli yuxarı dövlət orqanı ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra 1 ildən tez olmayaraq attestasiyadan keçməlidir.

Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiyaya tabeçilik qaydasında yuxarı dövlət orqanının nümayəndəsinin cəlb edilməsinə həmin yuxarı dövlət orqanının rəhbərinin razılığı ilə yol verilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.

Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər 3 komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksəkixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.

Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanılmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

Dövlət qulluqçusu attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.

Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir.

Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası bu qiymətlərdən birini verir: 

1. Tutduğu vəzifəyə uyğun gəlir. 

2. İşini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir. 

3. Tutduğu vəzifəyə uyğun gəlmir.

Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.

Nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir.

Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər. Tabelik qaydasında yuxarı dövlət orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır.

1news.az

Paylaş:
1342

Son xəbərlər

Bütün xəbərlər