Azərbaycanlı deputat Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

17:37 - 14 / 12 / 2015
Azərbaycanlı deputat Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

Dekabrın 9-dan 11-dək Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş Azərbaycanın baş prokuroru Zakir Qaralovun adından çıxış edərək ölkəmizdə son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “Asan xidmət” mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində  apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verib.

Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulub və ya ratifikasiya edib üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.

Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib.

Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi Azərbaycan parlamentinin deputatı Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri xanım Marqarita Popova, Avstriyanın daxili işlər naziri xanım Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib.

Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycanda son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar paylanıb.

1news.az

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər