Səhiyyə Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub

21:55 - 15 / 12 / 2015
Səhiyyə Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub

Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.

Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.

Qeyd edək ki, indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Maliyyə Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub.  “ASAN ödəniş” sisteminin iştirakçıları real vaxt rejimində  inzibati xəta haqqında iş üzrə qərarı və ya inzibati xəta haqqında protokolu, məhkəmə qərarını, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini, inzibati xəta törətmiş fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fərdi identifikasiya nömrəsini (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsini, vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını və sistem iştirakçısının və operatorun sistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları sistemə göndərməlidirlər.

Eyni zamanda sistem tərəfindən istifadəçinin (inzibati xəta törətmiş şəxsin) mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduğu, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat dərhal göndəriləcək. SMS-lərin göndərilməsinin nəticələri barədə məlumatlar sistem tərəfindən real vaxt rejimində sistemin iştirakçılarına ötürüləcək.

Bizim Yol

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər