XİN: Azərbaycan “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulmaq məsələsini nəzərdən keçirir
“Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması barəsində məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. Bu xüsusda təmaslar davam etdirilir”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 1news.az-ın rəsmi Bakının “Terrorizmə qarşı İslam koalisiyası”nda iştirakının mümkünlüyü ilə bağlı sorğusuna cavab olaraq bildirib.
H. Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.
“Hal-hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır”- deyə, o vurğulayıb.
Nəzərinizə çatdıraq ki, bu gün Səudiyyə Ərəbistanı terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya 34 ölkə daxildir.
Qeyd olunur ki, ölkələr Səudiyyə Ərəbistanı başda olmaqla terrorizmlə mübarizə üzrə hərbi ittifaq formalaşdırmaq qərarına gəliblər. Müştərək əməliyyat mərkəzi Ər-Riyadda yerləşəcək. İttifaqın məqsədi hərbi əməliyyatları uzlaşdırmaq və dəstəkləməkdir.
1news.az