Nazir Xızı, Abşeron və Siyəzən rayonlarının sakinləri ilə görüşüb
Nəqliyyat naziri Ziya Məmmədov bu gün Xızıda vətəndaşları qəbul edib.
1news.az-ın məlumatına görə, nazir qəbulda Xızı ilə yanaşı Abşeron və Siyəzən rayonlarının sakinlərinin də müraciətlərini, şikayət və təkliflərini dinləyib.
Müraciətlər əsasən, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 26-cı km-də piyada keçidinin inşası, Abşeronun Hökməli kəndində 2 km uzunluğunda avtomobil yolunda cari təmir işlərinin aparılması, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 56-cı km-dən ayrılan və Yeni Yaşma kəndinə aparan yolun əsaslı təmiri, Xızının Giləzi qəsəbəsində, Sitalçay və Yeni Yaşma kəndlərində dayanacaqların qurulması, Bakı-Xızı-Bakı marşrutu üzrə orta tutumlu yeni avtobusların hərəkətinin təşkili, Abşeronun Masazır qəsəbəsində yeni salınmış və 3 min nəfərin yaşadığı yaşayış massivindən Xırdalan şəhərinə birbaşa marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
1news.az