Azad Rəhimov: Gələcəkdə Formula-1 yarışında Azərbaycan da təmsil oluna bilər
Bakıda keçiriləcək Formula-1 yarışı ilə əlaqədar yolların təmirinə 12 milyon manat vəsait xərclənib.
1news.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov gələn il Bakıda keçiriləcək Formula 1-in Avropa Qran-Prisinə həsr olunan tədbirdə çıxışı zamanı deyib:
“Məqsədimiz Bakı sakinlərinə maneə yaratmamaqdı. Çalışacağıq ki, mümkün qədər tıxac olmasın. Bunun üçün lazımi tədbirlər görüləcək. Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırda Zirə istiqamətində böyük bir sahə götürülüb. Bu sahə böyük avtodrom tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, Azadlıq Meydanında pits-stop tikiləcək”.
Bilet satışı ilə bağlı məsələyə də toxunan nazir Formula 1-in Bakı Qran-Prisi üçün 30 minə qədər biletin satılacağını diqqətə çatdırıb:
“Biletlərin qiyməti 19 manatdan başlayır. Satışdan əldə edəcəyimiz gəliri hesablamaq mümkündü. Azərbaycanlılara biletlərin qiymətində 40 faiz endirim olacaq”.
A. Rəhimov Formula 1 yarışında gələcəkdə azərbaycanlı idmançının iştirakını istisna etməyib:
“Hər bir ölkə Formula 1 yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə ola bilsin ki, burda Azərbaycan da təmsil olunsun. Dövlətin bu idman növündə komanda yaratmaq planı yoxdur. Əgər hansısa biznesmen bunu etmək istəsə, dəstək verərik”.
1news.az