“Kütləvi çıxarış” kampaniyası Astarada | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kütləvi çıxarış” kampaniyası Astarada

13:30 - 21 / 12 / 2015
“Kütləvi çıxarış” kampaniyası Astarada

Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi sosial tədbirlərindən biri olan “Kütləvi çıxarış” kampaniyasını regionlarda davam etdirir. 

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, növbəti dəfə 21 dekabr tarixində Astara rayonunda yaşayan vətəndaşlar “bir pəncərə” prinsipi əsasında kampaniyadan faydalana bilib.

Sosial kampaniyada ümumilikdə 100-ə yaxın rayon sakini iştirak edib. Belə ki, vətəndaşlara onların mülkiyyətinə dair çıxarışlar birbaşa ünvanlarda komitənin bu kampaniyanı həyata keçirmək üçün ayrılmış nəqliyyat vasitələrində verilib.

Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər, qəsəbə və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına aparır.

Vətəndaş mülkiyyət hüququnun təmin olunması ilə bağlı hər hansı sənədləşdirmə üçün ərazi idarəsinə getməli olmur və bunun üçün vaxt sərf etmir. Bütün bu əməliyyatları Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində həll etmək daha çevik və rahatdır. Belə kampaniyalar vaxta qənaət etməyə, əlverişli şəraitdə hüquqi hərəkətləri həyata keçirməyə, əlavə idarələrə getməməyə şərait yaradıb.

Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir. Bu cür imkanların yaradılmasında məqsəd xidmətlərdə vətəndaş amilinin önə çəkilməsi, sosial məmnunluğun yüksəldilməsi və hüquqi cəhətdən etibarlı mülkiyyət sahiblərinin sayının artırılmasıdır.

Xatırladaq ki, kampaniya çərçivəsində pay torpaqları, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.

“Kütləvi çıxarış” kampaniyası artıq intensivləşib, hər ay bir neçə dəfə olaraq həm Bakı, həm regionlarda keçirilir. Artıq paytaxtın Səbail, Sabunçu və Xətai rayon sakinləri kampaniyadan faydalanıb. Qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdiriləcək.

Qeyd edək ki, indiyədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edə bilib.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər