Ətraf mühitlə bağlı keçirilən araşdırmaların nəticəsi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 dekabr tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 89 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 26 iş üzrə 37850 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 2295.95 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 145 iş üzrə 20270.51 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına 31, məhkəməyə isə 1 iş göndərilib.
1news.az