BANM –nın rektoru Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşdü
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşüb.
Bu haqda 1news.az –a BANM –nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rektor Elmar Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini deyib: "Bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminəm. İki təhsil ocağı arasında əlaqələr ənənəvi əməkdaşlığa çevrilib. Əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsi HVU-da bir semestr ərzində təhsilini davam etdirib. Tələbələrin HVU-ya göndərilməsi istiqamətində işlər davam edəcək".
Qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-lə əməkdaşlığa böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluqlarını ifadə ediblər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə daha yaxşı nəticələr göstərdiklərini vurğulayıblar.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.