“Günəşli” yatağındakı qəzada xəsarət alan neftçilərdən biri evə buraxılıb
Bu gün “Günəşli” yatağında baş verən qəzada xəsarət alan və müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirən neftçilərdən daha biri evə buraxılıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu "Report"a açıqlamasında xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib.
O bildirib ki, neftçi İltifat Şahbazov bu gün ambulator müalicə üçün evə buraxılıb:
“Hazırda xəstəxanada 3 nəfərin - Gündüz Əliyev, Telman Əsgərov və Ehtiram Məlikovun müalicəsi davam edir”.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və nəticədə yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.
1news.az