Nazirlik: Ölkədə ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Ölkədə ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur

12:33 - 28 / 12 / 2015
Nazirlik: Ölkədə ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur

Dekabr ayının əvvəlindən ilkin əlillik təyinatı barədə qərarların qəbul edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış səyyar komissiyalar tərəfindən həyata keçirilir.

1news.az-ın məlumatına görə, bunda məqsəd əlillik təyinatında şəffaflığın artırılmasıdır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə  zona Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar.

İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və  müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.

Bu islahat tədbiri respublikada ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur. Belə ki, 01-25 dekabr tarixlərində zona TSEK-lərinə ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşların qeyd olunan səyyar komissiyalar tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflıq və obyektivlik şəraitində əlillik müayinəsi həyata keçirilib və bu müayinələr nəticəsində ümumilikdə 2941 nəfər vətəndaşdan yalnız - 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. Ümumilikdə ilkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.

Komissiyalar tərəfindən əlillik müayinəsinin nəticələrinə dair məlumatlar nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron Hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə ilə də əldə edə bilərlər. 

Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatmaqdadır.

Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam  şəffaflaşdırılmasına xidmət edəcək bu sistemin gələn ilin ilk aylarından tətbiqinə başlanılması nəzərdə tutulur.

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər