Bərdə rayonunda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində yanvarın 6 –da Uğurbəyli kəndində “Dini radikalizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Səbuhi Hacıyev, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları dini radikalizmin müxtəlif təzahür formalarından və milli-mənəvi dəyərlərimizə zərərlərindən söz açıblar. Dini radikalizm ilə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edən natiqlər düzgün dini maarifləndirmənin bu məsələdəki əvəzsiz rolundan bəhs ediblər.
Tədbirdə, eyni zamanda, Bərdə rayon Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının üzvü Şahbaz Novruzov, Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının üzvü Yelmar Məmmədov, din xadimləri Şahin Bəbişov və Rəhim Əliyev də çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.